Parisdə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilibbackend

Parisdə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və Fransa – Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndərin xatirəsi yad edilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransanın respublikamızdakı ilk səfiri Jan Perən, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və digər şəxslər iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın Fransadakı səfiri R.Mustafayev Heydər Əliyevin ölkəmizin iqtisadiyyatının, sosial həyatının və mədəniyyətinin inkişafında atdığı qətiyyətli addımlardan söz açıb. Diplomat qeyd edib ki, fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib, ölkəmizin dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlərini qurub.

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən ümummilli liderin xalq arasındakı nüfuzu, müdrik siyasəti, vəziyyəti qısa zamanda təhlil edib problemləri çözmək bacarığından danışıb və yaddaşında həkk olunmuş unudulmaz xatirələri qonaqlarla bölüşüb.

Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Büşe Heydər Əliyev ilə görüşlərindən yadında qalan xoş məqamları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar Əzizə Salahovanın skripkada və Anton Martinovun pianoda ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Asif Zeynallının və digər tanınmış bəstəkarların musiqilərini dinləyiblər.

İnterPress.Az