Azərbaycanın daha çox məhsul ixrac etdiyi ölkələrin siyahısıbackend

Azərbaycanın daha çox məhsul ixrac etdiyi ölkələrin siyahısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatlara görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 milyard 979,0 milyon ABŞ dolları, o cümlədən, ixracın dəyəri 4 milyard 843,4 milyon dollar, idxalın dəyəri 3 milyard 135,6 milyon dollar təşkil edib, nəticədə 1 milyard 707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə, xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz, o cümlədən, idxal 43,1 faiz, ixrac 3,0 faiz artıb. Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac 3,0 faiz artıb.

İxracın 31,2 faizini İtaliyaya, 11,3 faizini Türkiyəyə, 6,4 faizini Almaniyaya, 6,1 faizini Çinə, 5,8 faizini İspaniyaya, 5,6 faizini Hindistana, 4,7 faizini İsrailə, 3,5 faizini Gürcüstana, 3,3 faizini Çexiyaya, 3,2 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, 2,6 faizini Avstriyaya, 2,0 faizini Yunanıstana və qalan 11,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,0 faizi Rusiya, 13,1 faizi İsveçrə, 9,8 faizi Türkiyə, 8,7 faizi Çin, 7,0 faizi İran, 4,0 faizi Kanada, hər biri 3,9 faiz olmaqla Almaniya və Avstraliya, 3,6 faizi ABŞ, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, hər biri 2,0 faiz olmaqla, Belarus və Qazaxıstan, 22,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-mart aylarında ölkədən 415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,9 faiz çoxdur.

Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,8 faiz), Türkiyəyə (23,9 faiz), Gürcüstana (12,1 faiz), İsveçrəyə (8,1 faiz), İtaliyaya (3,1 faiz), Yunanıstana (2,9 faiz), Çinə (2,5 faiz), İrana (2,3 faiz), Almaniyaya (2,2 faiz) və Ukraynaya (2,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İnterPress.Az