Kərkükdən Qarabağa uzanan yollara SÖZARDI – Tənzilə Rüstəmxanlı yazırbackend

Kərkükdən Qarabağa uzanan yollara SÖZARDI – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər ikisində salonlarımız insan selinə şahid oldu. Ən yaxın dostlarımızın belə ayaqda alqışladığı gözəl bir işə imza atdıq.

Kərkükdən Qarabağa uzanan yollara SÖZARDI - Tənzilə Rüstəmxanlı yazır

İraq və Türkiyədən qonaqlarımız var idi. İraq Türkmən Cəbhəsinin sədri, Kərkük millət vəkili Ərşad Salihi, Ülke TV-nin baş redaktoru Hasan Öztürk, Qazi Universitetinin professoru Çetin Almas, professor Kürşad Zorlu, Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan və Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçini, İTC Türkiyə təmsilçisi Mehmet Tütünçünü qonaq etdik.

Bizim bu simpoziumla şöləni keçirtməkdə məqsədimiz Qarabağı Türk Dünyasının gündəminə gətirmək, öncəliklə bildiyini sandığımız, ancaq bizə heç ummadığımız qədər İraq olan qardaşlarımızla qucaqlaşmaq idi. Həm Türkiyə, həm İraq-Türkmən mediası və türkmən sosial media səhifələri bizim bu istəyimizə dəstək verdilər. Beləliklə, çox çətin şərtlər altında olsa belə, bunu kimsəyə hiss etdirmədən böyük bir işə imza atdıq.

Açılış çıxışlarında xalq şairi Sabir Rüstəmxanlı, İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salihi, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, qədim dostumuz Etibar Məmmədov, tanınmış yazıçı Yunus Oğuz, Türkiyənin Azərbaycandakı müstəşarı Məlikə Yılmaz Özkiper mövzunun aktuallığından bəhs etdilər.

Kərkükdən Qarabağa uzanan yollara SÖZARDI - Tənzilə Rüstəmxanlı yazır

Öncəliklə, “Kərkükdən Qarabağa” beynəlxalq simpoziumuna toxunmaq istəyirəm. “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Çağırışlar və Perspektivlər” adlı Beynəlxalq Simpoziumumuz ölkədə keçirilən qlobal tədbirlərlə eyni gün və saata təsadüf etdiyindən dostlar narahat idi. Ancaq salona daxil olub, gələn ziyalıları görüb, boş yer tapa bilməyəndə narahatlığa əsas olmadığını gördülər.

Səfərbərlik həm də ilk dəfə İraq Türkmən Cəbhəsinin sədri kimi Azərbaycana uzun illərdən sonra səfər edən Ərşad Salihiyə olan sevginin təzahürü idi.

Ərşad bəy türkmənlərin əfsanəvi, türkün düşmənlərinin min bir tələsindən çıxmış bir komandandır. Ərşad Salihi özündən bəhs edərkən, “həm də qarabağlıyam” deyir. Bəli, o qarabağlıdır, Qarabağ üçün qarabağlı kimi savaşır. O, Qarabağın haqları uğrunda öz ölkəsində millət vəkilləri ilə savaşır. İraq parlamentinə sözdə erməni soyqırımını gətirmək istəyən xristian millət vəkillərinə xəbərdarlıq edən və bu məsələnin parlamentin gündəminə gəlməməsinin səbəbkarı Ərşad Salihinin “Kərkükdən Qarabağa” simpoziumundakı çıxışları yəqin ki, Azərbaycan xalqının yaddaşında uzun zaman qalacaqdır.

Kərkükdən Qarabağa uzanan yollara SÖZARDI - Tənzilə Rüstəmxanlı yazır

Simpoziumdan sonra Ərşad Salihinin Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ilə keçirdiyi görüşlərdə kərküklü millət vəkili kimi Azərbaycanın Qarabağ problemində daim Azərbaycanın yanında olduğunu dilə gətirməsi, Qarabağın işğaldan azad edilməsi üçün müharibə başlayarsa yüzlərlə kərküklü gəncin döyüşə hazır olduğunu deməsi bizi qürurlandırdı. Ərşad Salihi hər çıxışında “Qarabağ da, Kərkük də türkün vətənidir” ifadəsini işlətdi. Bəli, hər bir türk üçün belə olmalıdır. Kərkük də, Qarabağ da bizim vətənimizdir.

Araşdırmaçı yazar Aqil Ələsgərin moderatorluğunda “Kərkük”, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının moderatorluğunda “Qarabağ” panelində bir-birindən önəmli mütəxəssislər Kərkükdən Qarabağa qədər Türk Dünyasının problemləri və həlli yolları ilə bağlı dəyərli fikirlər söylədilər.

Daim Azərbaycanın haqq sözünü dilə gətirən, Xocalı soyqırımı və digər taleyüklü məsələlərdə Türk Dünyasına səslənən şəxslərdən biri olan Kürşad Zorlu Kərküklə bağlı kirli oyunların acı nəticələrindən danışdı.

Kərkükdən Qarabağa uzanan yollara SÖZARDI - Tənzilə Rüstəmxanlı yazır

Millət vəkilimiz Qənirə Paşayeva və bizə Kərkükü tanıdan dəyərli elm adamı Qəzənfər Paşayev Türkmən Eli ilə mənəvi bağlarımızdan, İraq Türkmən Jurnalistlər Dərnəyinin sədri Şəmsəddin Kuzəçi türkmən mətbuatından danışdı. Professor Çətin Almas çox duyğulu bir çıxış etdi. Kərkükə niyə İraq deyilməsindən bəhs etdi. İraq Türkmən Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütünçü isə Azərbaycan ictimaiyyətinə Türkmən elinin son durumundan xəbər verdi.

“Qarabağ” panelində isə millət vəkili Fazil Mustafa Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həlli yollarından, “Ülkə TV”nin baş redaktoru Həsən Öztürk isə Azərbaycana türk mediasının baxışından, Anadolu Yayınçılar Dərnəyi isə Anadolu mediasının Qarabağ həssasiyyətindən danışdı. TÜİB başqanı Hüseyin Büyükfırat bir dünya markası olma yolunda addımlayan Cocuq Mərcanlı ilə bağlı fəaliyyətlərindən, “Yeni Müsavat” Media Qrupunun başqanı Rauf Arifoğlu isə Azərbaycan-Türkiyə media əlaqələrindən, türkiyəli gənclərimizdən Tuqay Apa onların perspektivindən Qarabağ problemindən, elm adamlarımızdan Yasəmən Qaraqoyunlu isə Qərbi Azərbaycanla bağlı unutdurulmaq istənilən tariximizdən bəhs etdilər.

Bəli, biz dünyanın laqeydliyindən bəhs edərkən, Türk Dünyasının bizə münasibətini necə kənarda saxlaya bilərik? Hansı türk dövləti Xocalıda yaşananları soyqırım kimi tanıyıb? Türkmən elində yaşananlara Türkiyə istisna olmaqla hansı türk dövləti etirazını bildirib? Burada bizim də düzgün strategiya qurmaqdakı yanlışlıqlarımız təbii ki, var. Bu kimi toplantılarda məqsəd həm də düşüncə paylaşımı etmək, dərdlərimizə dərman tapa bilmə istəyidir.

Hesab edirəm ki, bu toplantıdakı çıxışlar həm Azərbaycanın Qarabağ probleminin həlli, həm də İraqın ərazi bütövlüyü çərçivəsində Türkmən Elinin durumu ilə bağlı çıxış yollarını ortaya qoydular. Bu toplantı eyni zamanda koordinasiyanın önəmini və davamlı olmasının vacibliyini bir daha vurğuladı.

“Kərkük-Türkmən Eli” Şöləni isə gənc aparıcımız Natəvan Abbaslının təqdimatında dəyərli sənətçilərimiz Şəmistan Əlizamanlı, Ramal İsrafilov, Elçin Cəlilov, Leyla Camal, güneyli sənətçimiz Tohid Noruzi, Turan Yazqan hocamızın bizlərə əmanəti olan “Atatürk” Liseyinin şagirdlərinin möhtəşəm çıxışları ilə yadda qaldı. Sırf bu törən və Ərşad Salehi üçün Azərbaycana gələn Türk Dünyası Araşdırmaları Vakfının başkanı Kösan Yazqana dərin təşəkkür edirəm.

Təşkil edilən hər toplantı çox böyük əmək tələb edir. Bu cür tədbirlərin həm maddi, həm də mənəvi dəstəyə ehtiyacı var. Bu toplantının baş tutmasında mühüm rolu olanların hər birinə, xüsusilə, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə, TİKA Bakı koordinatoru Teoman Tiryakiyə, TÜİB sədri Hüseyin Büyükfırata, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala, simpoziumun adının müəyyənləşməsindən sonuna qədər yanımda olan “Yeni Cağ” Media Qrupunun rəhbəri, övladım Aqil Ələsgərə, Şölənin baş tutmasında müstəsna rolu olan, müğənnisindən şagirdinə hamısı ilə bir-bir ilgilənən Ramal Hüseynova, ATEV icraçı direktoru Toğrul Allahverdiliyə, Natəvan Abbaslıya və xüsusilə, məni bu çətin missiyada yalnız qoymayan, mənə maddi-mənəvi dəstək olan Ailə üzvlərimə təşəkkür edirəm.

Kərkükdən Qarabağa uzanan yollara SÖZARDI - Tənzilə Rüstəmxanlı yazır

“Xəzər TV”, ATV, Real TV, “Yeni Müsavat”, “Sputnik”, “Yeni Çağ”, “İnterpress”, “Diasporpress” başda olmaqla, bizə dəstək olan bütün media qurumlarına minnətdarlığımı bildirirəm. Bütün tədbirlərimdə yanımda olan bacım, bu simpoziumda yaradılması təklif olunan Kərkük Mədəniyyət və İşbirliyi İctimai Birliyinin təşkilat komitəsinin sədri seçilən Məlahət Qurbanovaya xüsusi təşəkkür edirəm.

Bu cür önəmli işlərdə hər zaman yanımda olan və tədbirin yüksək səviyyədə keçməsi üçün çox böyük əmək sərf edən köməkçim Gülnar Əmirovaya xüsusi sağ ol deyirəm.

Hər iki tədbirimiz bizim birlikdə güclü olduğumuzun və heç bir maneənin bizi yolumuzdan döndərə bilməyəcəyinin bariz nümunəsi oldu. Türk Dünyasının inteqrasiyasına xidmət edən tədbirlərimiz bundan sonra da davam edəcək. Tanrı Türkü Qorusun.

Tənzilə Rüstəmxanlı, ATEV sədri