QHT sədri ilə nazirlik rəsmisi arasında mübahisəbackend

QHT sədri ilə nazirlik rəsmisi arasında mübahisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblıya irad olaraq sosial şəbəkədə paylaşıb: “Allah yaşlı məmurların ölənlərinə rəhmət etsin, heç olmasa insanların salamını alırdılar. Yeni nəsil isə daha təkəbbürlü imiş. Belə ki, iki gündür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbova messenger vasitəsi ilə salam yazaraq, onlarla əməkdaşlıq etmək istədiyimi bildirmişəm. Təəssüflər olsun ki, müəllim salamımı görüb, amma hələ də almayıb. Hörmətli Fazil müəllim, mən “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədriyəm. İşim bilavasitə sosial problemlərlə məşğul olmaqdır”.

Musavat.com olaraq, bu iradlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblının da mövqeyini öyrənməyə çalışdıq.

Nazirlik sözçüsü bildirdi ki, bu günə qədər kimliyindən asılı olmayaraq, heç zaman salamı cavabsız qoymayıb: “Bir məsəl var – “salam Allah salamıdır”. Mümkün deyil ki, mənə kimsə, hətta tanımadığım biri, məsələn Arzuman müəllim kimi adamlar salam versin, mən də almayım. Görünür adını çəkdiyim şəxs məni tanımadığından belə qənaətə gəlib. Və sosial şəbəkələrin verdiyi imkanlardan geniş istifadə edib, məni ittiham edib. Bu vətəndaş bir neçə gün öncə mənim şəxsi “facebook” səhifəmdə “inbox”a salam yazıb. Mən də bir gün sonra onu görüb salamını almışam. Arzuman müəllim nədənsə bunu təkəbbür kimi qəbul edib və məni günahlandırıb. Hər halda şəxsi fikridir. Bunu ictimailəşdirməkdə nə marağı varsa, bunu da ondan soruşun. Hər halda nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən vətəndaşlardan gələn sualların cavablandırılması statistikasını bilsəydi, belə yazmazdı. Təkcə bu ilin ilk rübündə nazirliyin “facebook” səhifəsinə gələn 2000-dən çox müraciət şöbə tərəfindən cavablandırılıb. Aidiyyəti üzrə araşdırılıb və vətəndaşlara izahatlar verilib”.

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov isə musavat.com-a açıqlamasında bildirdi ki, F.Talıblının şəxsinə qarşı hər hansı qərəzi yoxdur: “Mən sosial problemlərlə məşğul olan bir təşkilatın sədriyəm, ciddi ictimai fəaliyyətlə məşğul olan bir şəxsəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən dəyişikliklərdən sonra, xüsusən də Sahil Babayev nazir təyin olunduqdan sonra bizim o nazirliyə simpatiyamız artdı. Düşündük ki, Fazil bəy vasitəsilə nazirliklə münasibətlər quraq, çünki bizim işimiz sosial məsələlərlə bağlıdır. Mən Fazil bəyin messengerinə səmimi şəkildə salam yazıb, öz resurslarımız barədə ona məlumat verdim, əməkdaşlıq etmək istədiyimi bildirdim. Uyğun olan bir zamanda sizinlə görüşmək istədiyimi yazdım. Fazil bəy onu oxudu, ancaq 2 gün ərzində cavab vermədi, bu da məndə giley yaratdı və mən də ona görə gileyli bir status yazdım. Bu statusum mətbuata yansıdıqdan sonra Fazil bəy mənə yazdı ki, Arzuman bəy, mətbuat vasitəsilə məni axtardığınızı duydum, buyurun sizi eşidirəm. Mən ona da dedim ki, xüsusi bir problem yoxdur, sadəcə sizinlə tanış olmaq və əməkdaşlıq etmək istəyirəm. QHT-lər dövlət qurumları ilə vətəndaşlar arasında çox gözəl körpü rolunu oynayırlar. Son dövrlər nazirliklərdə gedən gəncləşmə işi bizi sevindirir. Mən də yaşlı nəslin bir dövr işlədikdən sonra getməsinin tərəfdarıyam. Hesab edirik ki, gənclər vəzifəyə gələrsə, proses daha çevik baş verə bilər. Ancaq bəzən bu məsələlərdə yanılırıq. Mənim F.Talıblı ilə şəxsi tanışlığım yoxdur, nazirlikdə gedən işlərdən də məlumatım var. Mənim təşkilatım sosial problemlərlə məşğuldur, nazirlik özü bizi axtarıb tapmalıdır. Nazirliyin qrant layihələri verdiyi elə təşkilatlar var ki, mən onları heç tanımıram. Tenderləri icra edən şirkətlər var ki, onların fəaliyyəti ilə bağlı neqativ suallar var. Mən görüşüb bu suallara cavab almaq istəyirdim. Ancaq məsələ fərqli yerə gəldi. Ancaq Fazil bəyin şəxsinə qarşı heç bir mənfi düşüncəm yoxdur”.

İnterPress.Az