Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



SOCAR və TEKFEN yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyənin “TEKFEN” şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Gigin və şirkətlər qrupunun prezidenti Cahit Oklapın rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüş keçirib.

Dərc edilib: 31 may 2019 [17:17]
Baxış sayı: 7077

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində R.Abdullayev və M.Gigin Azərbaycanda yeni Karbamid Zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

SOCAR uğurla ərsəyə gətirdiyi mövcud Karbamid Zavodunun tikintisində əldə etdiyi təcrübəyə əsaslanaraq Sumqayıtda gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid həcmində olan yeni istehsalat obyektinin tikintisini nəzərdən keçirir. Memorandumda həmçinin mövcud və yeni gübrə kompleksinin məhsullarının marketinqi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Sənədə əsasən, növbəti mərhələdə şirkətlər arasında İşçi Qrup yaradılacaq və yeni zavodun inşası ilə bağlı yekun qərarın verilməsi üçün aşağıdakı məsələlər təhlil ediləcək:

- Tekfen Contracting Qrupuna daxil olan şirkətlərin sözügedən zavoddakı obyektlərin tikintisində EPC (mühəndislik, satınalma və inşaat-montaj) əsasında mümkün iştirakı;

- Tikiləcək obyektlərdə istehsal edilməsi planlaşdırılan və əlavə dəyər yaradacaq məhsulların marketinq, satış və paylanması işlərinin Tekfenin Türkiyə bazarında geniş diler şəbəkəsinə malik törəmə şirkəti Toros Tarım tərəfindən aparılması, yeni məhsulların inkişafı və dünyanın müxtəlif regionlarında bazara çıxarılması perspektivinin effektivliyi;

- Yeni kompleksin tikilib istifadəyə veriləcəyi dövr ərzində Toros Tarım-ın mövcud SOCAR Karbamid zavodunda istehsal olunan məhsulların marketinqi, satışı və paylanmasında mümkün rolu

- Yeni Karbamid zavodunda SOCAR və Tekfenin ortaq səhmdarlar qismində iştirak etməsi.

SOCAR bu gün şaquli inteqrasiya olunmuş çevik və yüksək rəqabət qabiliyyətli bir şirkət kimi neft və qaz sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Son illərdə şirkət neft və qaz kimyası sənayesində fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb, Azərbaycanda polimer məhsulları və Karbamid gübrəsinin istehsalı üzrə yeni zavodlar inşa edərək istismara verib. SOCAR Polymer və SOCAR Karbamid zavodları şirkətin dəyər zəncirində son həlqələr olaraq, öz xammalını SOCAR-ın digər müəssisələrindən əldə edir və bu sinerjidən böyük miqyasda əlavə dəyər yaranır. SOCAR Azərbaycanın gəlirlərinin artırılması və ölkədə yeni iş yerlərinin yaradılması məqsədi ilə yeni investisiya imkanlarını araşdırmaqda davam edir.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 123