Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azər Xudiyev: "Ukraynaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, münasibətlərimiz daim yüksələn xətt üzrə inkişaf edəcək" - MÜSAHİBƏ

Tarixən xalqlarımız arasında ənənəvi olaraq dostluq münasibətləri mövcud olub.

Dərc edilib: 3 iyun 2019 [14:11]
Baxış sayı: 12452

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin ONA-ya müsahibəsi

- Azərbaycan və Ukrayna arasındakı indiki münasibətləri necə qiymətləndirirsiniz?

- Tarixən xalqlarımız arasında ənənəvi olaraq dostluq münasibətləri mövcud olub. Müstəqillik dövrümüzdə isə bu münasibətlər iki dövlət arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da beynəlxalq münasibətlər sistemində iki ölkə arasında əlaqələrin ən yüksək səviyyəsi deməkdir. Azərbaycanla Ukrayna arasında mövcud sıx münasibətlər başqa dövlətlərin dostluq münasibətləri üçün örnək rolunu oynaya bilər. Əlaqələrimizin yüksək ruhu hər zaman yüksək göstərici rolunu oynayaraq, bütün sahələrdə qarşılıqlı anlaşmanı təmin edib. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət başçılarımız arasında həmişə yüksək səviyyəli siyasi dialoq mövcud olub. Ölkələrimiz arasında möhkəm əlaqələrin, dostluq və əməkdaşlığın təməli müasir Azərbaycanın bünövrəsini qoymuş, Ümummilli liderimiz Heydər Əliyev və Ukraynanın sabiq dövlət başçısı cənab Leonid Kuçma tərəfindən qoyulub. Bu gün də həmin təşəkkül tapmış sıx əlaqələr uğurla davam etdirilir. Biz diplomatların əsas vəzifəsi də, bu dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindən ibarətdir.

- Azərbaycan və Ukrayna arasında ticarət və iqtisadi əlaqələri necə şərh edə bilərsiniz? Ölkələr arasında ticarət dövriyyəsi nə qədər təşkil edir?

- İlk öncə onu qeyd etmək istərdim ki, hazırda dövlətimizin iqtisadi sahədə qarşısına qoyduğu əsas məqsədlərdən biri Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarətdir. Bu gün “Made in Azerbaijan” brendinin dünyada tanıdılması dövlətimizin ən prioritet məqsədlərindən birinə çevrilib. Bu baxımdan möhtərəm prezidentimiz İlham Əliyevin xüsusi tapşırığına əsasən, ölkəmizdə çoxistiqamətli istehsalat müəssisələrinin yaradılması ilə yanaşı, dünyanın müxtəlif ölkələrində “Azərbaycan Ticarət Evləri”nin açılması nəzərdə tutulur.

Bununla əlaqədar, 2018-ci ilin iyun ayında iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Kiyev şəhərində "Azərbaycan Ticarət Evi"nin açılışını qeyd etmək istərdim. “Ticarət Evi” vasitəsilə Ukraynada fəaliyyət göstərən iş adamlarımız vahid platforma ətrafında toplaşaraq, gələcək inkişaf strategiyalarını və üzləşdikləri problemlərin aradan qaldırılmasını birgə həll edə biləcəklər.

Ukraynada fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə bağlı onu qeyd etmək istərdim ki, Ukrayna Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, hazırda Ukraynada təsisçisi Azərbaycan vətəndaşı olan 3 minə yaxın şirkət fəaliyyət göstərir. Aydındır ki, onların fəaliyyət istiqamətləri olduqca genişdir və onlar Ukrayna iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.

İki ölkə arasında ticarət dövriyyəsinə gəldikdə isə, xatırlatmaq istərdim ki, 2013-cü ildə Ukraynada baş vermiş məlum siyasi hadisələr səbəbindən Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi bir neçə dəfə azalmışdı. Lakin 2017-ci ildən başlayaraq qarşılıqlı ticarət dövriyyəmiz yenidən surətli şəkildə artmağa başlayıb. Belə ki, 2018-ci ilin yekunlarına əsasən cəmi iki il ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq, 829 milyon ABŞ dolları səviyyəsinə çatıb. Bunun 350 milyon dolları Azərbaycandan Ukraynaya ixrac, 470 milyon dolları isə Azərbaycana Ukraynadan idxal təşkil edir. Onu da vurğulamaq istərdim ki, bu artımda əhəmiyyətli pay Azərbaycanın Ukraynaya ixracının artması ilə əlaqədardır. Belə ki, cəmi iki il ərzində Azərbaycandan Ukraynaya ixrac 8 dəfədən çox artıb.

- Ukraynada prezident seçkiləri nəticəsində Vladimir Zelenski hakimiyyətə gəldi. Sizcə, bu, Azərbaycan-Ukrayna əlaqələrinə necə təsir göstərə bilər?

- Bir az öncə qeyd etdiyim kimi, xalqlarımız və ölkələrimiz arasında ənənəvi olaraq strateji tərəfdaşlıq səviyyəsinə malik güclü dostluq əlaqələri formalaşıb. Ukraynadakı son siyasi dəyişikliklər yüksək səviyyəli ikitərəfli siyasi əlaqələrimiz üçün yeni imkanlar yaradır. Əlaqələrimizin gələcək inkişafı, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində mövcud möhkəm və geniş hüquq-müqavilə bazası, eləcə də imzalanmış sazişlər sayəsində mümkündür.

Azərbaycan hər zaman olduğu kimi, Ukrayna xalqının seçiminə böyük hörmətlə yanaşır və biz əminik ki, Ukraynaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər hər zaman yüksələn xətt üzrə inkişaf edəcək – çünki bizim aramızda xüsusi tellərə malik özəl dostluq münasibətləri mövcuddur.

- Ukraynada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz və o, ölkənin tanıdılmasında və Ukraynada yaşayan azərbaycanlıların bir araya gətirilməsində hansı rolu oynayır?

- Əlbəttə, hər bir diplomatik missiya kimi, biz də Azərbaycanın mövqelərini möhkəmləndirmək baxımından istərdik ki, fəaliyyət göstərdiyimiz ölkə - Ukraynada yaşayan həmvətənlərimiz tərəfindən təsis olunan güclü ictimai birliklər, mədəni mərkəzlər, analitik beyin mərkəzlər, ticarət-iqtisadi təşkilatlar və digər ictimai institutlarla əhatə olunaq. Səfirlik kimi Ukraynada qarşımızda duran ilkin məqsədlərdən biri, burada yaşayan həmvətənlərimizi ortaq sosial, iqtisadi və mədəni layihələr və tədbirlər ətrafında bir araya gətirməkdən ibarətdir.

Azərbaycanın milli maraqlarının təbliğ edilməsi baxımından Ukraynadakı soydaşlarımızın real dəstəyi olduqca əhəmiyyətli rol oynaya bilər. Bu səbəbdən ümid edirəm ki, yaxın perspektivdə Ukraynada qeyd etdiyim ictimai institutlar formalaşacaq və biz də Səfirlik olaraq, böyük məmnuniyyətlə onlarla əməkdaşlıq edəcəyik.

Eyni zamanda onu da qeyd etmək istərdim ki, iqtisadi maraqlarımızın təşviqi, ölkəmizin zəngin tarixinin və mədəniyyətinin təbliği kimi vacib məsələlərdə biz artıq bir sıra layihələri uğurla həyata keçirmişik. Bu istiqamətdə işlərin davam etdirilməsini və gələcəkdə də oxşar layihələrin həyata keçirilməsi diləyərdik.

- Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mövcuddur. Onun növbəti görüşünün nə zaman və harada keçirilməsi planlaşdırılır?

- Məlum olduğu kimi, xarici ölkələrlə iqtisadi əlaqələrin şaxələndirilməsi və dərinləşdirilməsində önəmli rolu məhz iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyalar oynayır. Azərbaycanın Respublikasının əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olan Ukrayna ilə bu cür hökumətlərarası komissiya 1993-cü ildə yaradılıb.

Komissiya çərçivəsində müzakirə edilən məsələlər qarşılıqlı iqtisadi əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edir. İndiyədək komissiyanın 11 iclası həyata keçirilib. Komissiyanın növbəti 12-ci iclasının cari ilin əvvəlində Kiyev şəhərində həyata keçirilməsi üzrə danışıqlar aparılsa da, Ukraynadakı məlum siyasi dəyişikliklər səbəbindən bu mümkün olmayıb. Zənnimcə, hazırkı mərhələdə komissiyanın növbəti iclasının keçirilməsi Ukraynada yeni hökumətin formalaşmasından sonrakı dövrdə real görünür.

- Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq nə səviyyədədir? Son illərdə Ukraynada təhsil alan azərbaycanlıların sayı xeyli artıb. Bildiyiniz kimi, attestatla təhsil buna təkan verən əsas səbəblərdəndir. Lakin bəzi hallarda belə şəxslər Azərbaycanda ali məktəbə qəbul ola bilməyən və ya xarici dil bilikləri ümumiyyətlə olmayanlardır. Bu səbəbdən də bir çox Ukrayna universitetinin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. Bununla bağlı nə kimi addımlar atıla bilər?

- Əksinə, bir neçə il əvvəl Ukraynada təhsil alan tələbələrin sayı təxminən 12 min təşkil edirdisə, hazırda bu rəqəm azalaraq 7 min nəfər təşkil edir. Bunun əsas səbəbi də məhz qeyd etdiyiniz xoşagəlməz hallarla bağlıdır.

Keçmişdə ölkəmizin bir çox nüfuzlu, siyasi savada malik peşəkar şəxslərinin məhz Ukraynada ali təhsil almasına və Azərbaycanda Ukrayna ali təhsil müəssisələrinə marağın hər zaman yüksək olduğuna baxmayaraq, son dövrdə Ukraynada təhsil səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu xüsusda Azərbaycan tərəfini narahat edən əsas məqamlardan biri Ukraynada təhsil alan azərbaycanlı tələbələrin təhsil və nizam-intizam səviyyəsinin aşağı düşməsi və bunun nəticəsində Ukrayna diplomları ilə ölkəyə qayıdan tələbələrin bitirdiyi ixtisaslar üzrə işə düzəlmələri ilə bağlı problemlərin yaranması ilə bağlıdır.

Tərəfimizdən aparılan monitorinq onu göstərib ki, Ukraynanın bəzi ali təhsil müəssisələri tələbələrin qəbulu və onların təhsil almaları ilə bağlı olduqca asan şərtlər irəli sürür. Bu da öz növbəsində Azərbaycanda universitetlərə daxil ola bilməyən, o cümlədən hərbi xidmətdən yayınmaq istəyən tələbələrin Ukraynaya üz tutmasına səbəb olur.

Bütün bu faktlar barədə AR Təhsil Nazirliyinə məlumat verildikdən sonra, bir sıra Ukrayna ali təhsil müəssisələrinin diplomlarının ölkəmizdə tanınması dayandırılıb. Hazırda Ukraynada təhsil alan azərbaycanlı tələbələrin təhsil prosesinin nəzarətə götürülməsi istiqamətində Təhsil Nazirliyi ilə birgə mexanizm hazırlanmaqdadır.

- Krım və Donbasdakı vəziyyətlə əlaqədar oradakı azərbaycanlıların taleyi ilə necə maraqlanırsınız? Onlara konsulluq xidməti göstərmək mümkündürmü? Ümumiyyətlə, münaqişə zonalarına getməməklə bağlı azərbaycanlılara xəbərdarlıq edilirmi?

- İlk öncə onu qeyd etmək istərdim ki, həm Xarici İşlər Nazirliyinin, həm də səfirliyin rəsmi internet səhifələrində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə giriş qaydaları ilə bağlı rəsmi məlumat yerləşdirilib. Bu məlumatda Ukrayna hakimiyyət orqanlarının bu ərazilərdə öz funksiyalarını yerinə yetirə bilməməsi ilə əlaqədar, Ukrayna hökumətinin xarici ölkə vətəndaşlarına bu ərazilərə səfər etməməyi israrla tövsiyə etməsi qeyd olunur. Həmin məlumatda bu qaydaları pozan xarici vətəndaşlar üçün Ukrayna qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət də əks olunur.

Ukraynanın şərqində və Krımda yaranmış vəziyyətlə bağlı orada yaşayan Azərbaycan vətəndaşlarının üzləşdiyi konsulluq xidməti problemləri ilə əlaqədar bildirmək istərdim ki, səfirliyin praktikasında bu cür müraciətlər hələ ki qeydə alınmayıb.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179