“Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman dövləti olub”- Qulam İsaqzaibackend

“Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman dövləti olub”- Qulam İsaqzai

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, konfransın açılış mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Qazaxıstan, Qırğızıstan və Türkiyə milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edir.

B. Muradova bildirib ki, 101 illik tarixi olan Azərbaycan Respublikası parlamentində qadınlar yüksək səviyyədə təmsil olunublar: “Bu gün Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva dövlət idarəçiliyində qadınları ləyaqətlə təmsil edir. Mehriban Əliyeva həm Azərbaycan cəmiyyətinə, həm türk dünyasına, həm də dünya ictimaiyyətinə bir çox hallarda etimad edilməyən zərif qadınların məsuliyyətli və vacib layihələrə necə imza ata biləcəyini göstərir”.

Milli Məclisin sədr müavini vurğulayıb ki, türk dilli dövlətlərin qadın deputatları təhlükəsizliyin, sülhün təmin olunmasında həm milli, həm də beynəlxalq səviyyədə çoxşaxəli fəaliyyət göstərməlidirlər: “Biz gələcək nəsillərin mənafeyinə zərər gətirmədən, bu gün mövcud olan problemləri aradan qaldırmalıyıq”.

B. Muradova qeyd edib ki, bu gün hələ də beynəlxalq ictimaiyyət gender bərabərsizliyi ilə bağlı müəyyən yarımçıqlığa yol verir.

TÜRKPA-nın baş katibi A. Mamayusupov deyib ki, gender bərabərliyi sahəsində türk dilli ölkələrin mükəmməl qanunvericilik bazası yaradılıb və qanunvericiliklə bağlı fikir mübadiləsi aparılmalıdır.

A.Mamayusupov dünyada qadınların hələ də zorakılığın müxtəlif növlərinə məruz qaldığını vurğulayıb.

Son illər Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirildiyini xatırladan H. Hüseynova bildirib ki, qadın hüquqlarının müdafiəsi sahəsində, xüsusilə gender bərabərliyi ilə bağlı güclü hüquqi baza yaradılıb.

H. Hüseynovanın sözlərinə görə, Azərbaycanda qadın sahibkarların sayı getdikcə artmaqdadır: “Qadınların qərar qəbul etmədə, dövlət idarəçiliyində də sayının artması çox vacibdir. Ölkədə keçirilən ilk bələdiyyə seçkiləri zamanı qadınların sayı 3-4 faiz təşkil edirdi. Biz çox güclü maarifləndirmə işləri apardıq. Məqsədimiz qadınların bələdiyyə sistemində təmsilçiliyini artırmaq idi. Bundan sonra II bələdiyyə seçkilərində qadınların sayı 25, III seçkilərdə isə 35 faiz artdı. Digər tərəfdən, qadın millət vəkillərinin də sayı artmaqdadır”.

Türkiyənin milli nümayəndə heyətinin rəhbəri Nurhayat Altaca Kayışoğlu Türkiyə Böyük Millət Məclisində qadın millət vəkillərinin sayı 102 nəfər təşkil etdiyini diqqətə çatdırıb.

O qeyd edib ki, beynəlxalq statistikaya əsasən, dünyada qadınlar kişilərlə müqayisədə daha az əmək haqqı almaqdadır.

Q. İshaqzai bildirib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman dövləti olub: “Azərbaycanda qadınların hüquqlarının qorunması sahəsində yaxşı qanunvericilik bazası var. Eyni zamanda, qadınların qarşısında olan maneələr aradan qaldırılmalı, erkən nikahlara və digər mənfi hallara qarşı ciddi tədbirlər görülməlidir”.

Konfrans işini panel müzakirələrlə davam etdirəcək.

İnterpress.az