Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Mikayıl Cabbarov ticarət mərkəzlərində POS-terminalların işləməməsinə münasibət bildirib

Vergilər naziri POS-terminallardan istifadə etməyən obyektlər üçün məsuliyyət tədbirləri müəyyənləşdirilməsini istəyib.

Dərc edilib: 14 iyun 2019 [13:02]
Baxış sayı: 15835

İnterpress.az-ın məlumatına görə, nazir Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşu zamanı bildirib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edir.

M.Cabbarov qeyd edib ki, hökumət bu istiqamətdə tədbirlər görməkdədir: “Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu, rəqəm dinamikanın və vektorun hansı istiqamətə yönəldiyini göstərir. Eyni zamanda 2016-cı illə müqayisədə POS-terminalların sayında 16 faizə qədər azalma olub. Əgər 2016-cı ildə 80 min 301 POS-terminal var idisə, 1 iyun 2018-ci il tarixə 67 032 POS-terminal qeydiyyatdadır”.

Vergilər naziri nəzərə çatdırıb ki, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur: “Bu da kartların tətbiqindən keçən müddətdə ən yüksək göstərici hesab olunur”.

Nazir qeyd edib ki, bu prosesdə iştirak edən 3 tərəf - banklar, sahibkarlar və vətəndaşlar var: “Nağdsız hesablaşmaların aparılmasında bu tərəflər nə dərəcədə maraqlıdır? Birincisi, komissiya haqlarını qeyd etmək lazımlır. Hazırda POS-terminal dövriyyəsi üzrə sahibkarların ödədiyi komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arasında dəyişir. Müqayisə üçün bu, Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz aralığında dəyişir. Yəni Azərbaycandakı komissiyalar və tariflər xarici ölkələrdən yüksək deyil. Dövlət bu tarif siyasətinə müdaxilə etmir”.

Vergilər naziri ikinci məsələnin cəzasızlıqla bağlı olduğunu nəzərə çatdırıb: “Spiker Oqtay Əsədovun qeydlərində də buna işarə vardı. Mövcud qanunvericilik obyektlərdə POS-terminallar vasitəsilə nağdsız ödənişləri qəbuldan imtinaya görə məsuliyyət tədbirləri nəzərdə tutmur. Nağdsız ödənişlərdən imtinaya görə məsuliyyət tədbirləri müəyyən edilməyib. Oqtay müəllimin də qeyd etdiyi kimi, bu da bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa imkan yaradır. Vergilər Nazirliyi əvvəllər də bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Lakin qurumlararası razılaşdırma proseduru zamanı bu təşəbbüs dəstəklənməyib. Əgər yenidən bu mövzu gündəmə gələrsə, qanunvericilik təşəbbüsünə malik orqan kimi Milli Məclisə həmin qanun layihəsini yenidən təqdim etməyə hazırıq”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatlar ticarət mərkəzlərində POS-terminalların işləməməsindən şikayətlənib. Spiker Oqtay Əsədov də bu məsələyə vergilər nazirinin münasibət bildirməsini istəyib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201