“”Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazasının gücləndirilməsi davam etdirilir” – General Fazil Ələkbərovbackend

“”Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazasının gücləndirilməsi davam etdirilir” – General Fazil Ələkbərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2019-cu ilin birinci yarısında polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş kollegiya iclasında səsləndirilib.

İclasda muxtar respublikanın Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün muxtar respublikamızda Ali Məclisin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən islahatlar ictimai sabitliyi təmin edib, muxtar respublikanın “Cinayətsiz region” prinsipi qorunub saxlanılıb. Muxtar respublikanın daxili işlər orqanları bu prosesdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərirlər.

Diqqətə çatdırılıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclisin Sədri hüquq-mühafizə orqanlarının da qarşısına konkret tapşırıqlar qoyaraq deyib: “Hüquq-mühafizə orqanları bundan sonra da ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalı, maarifləndirmə-profilaktika tədbirləri görülməlidir”.

Qeyd olunub ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən uğurlu əməliyyat tədbirləri bu sahədə istər faktların, istərsə də qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin miqdarında yüksək artımın müşahidə olunması ilə nəticələnib.

“Keçmiş illərdən qapalı qalmış cinayət işlərinin yenidən öyrənilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində iki əməliyyat-axtarış işi xitam edilib”, – deyən nazir diqqətə çatdırıb ki, əhalinin təlimatlandırılması məqsədilə həyata keçirilən tədbirlər rəğbətlə qarşılanıb.

Nazir bildirib ki, 2019-cu ilin I yarım ilində Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazasının gücləndirilməsi davam etdirilib. Ötən dövrdə briqadanın şəxsi heyəti “Sarsılmaz qardaşlıq” adı altında Türkiyə Respublikasının hərbçiləri ilə birgə keçirilən əməliyyat taktiki təlimlərində, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları ilə birgə “Sərhəd pozucularının axtarılması və tutulması” adı altında taktiki təlim məşqlərində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları ilə birgə komanda qərargah təlimlərində uğurla iştirak edib.

Bildirilib ki, cinayət hadisələrinin və hüquqpozmaların aşkarlanması istiqamətində “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində Naxçıvan şəhərində və bəzi rayonlarda köhnə nəsil video-müşahidə kameraları ən müasir, yüksək texniki imkanlara malik, “4K” texnologiyasını dəstəkləyən rəqəmsal video­müşahidə kameraları ilə əvəzlənib.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən startap layihələri çərçivəsində Daxili İşlər Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin və Texniki Kollecin müvafiq ixtisaslarının tələbələri ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Daxili İşlər Nazirliyinin tabeliyində olan təşkilatlara və polis əməkdaşlarına tapşırıq və tövsiyələrini verən nazir əminliyini bildirib ki, 2019-cu ilin birinci yarısında əldə olunan uğurlar qorunub saxlanılmaqla qarşıya qoyulan vəzifələr bundan sonra da tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqa­zidd əməllərdən qorunması təmin olunacaq, Naxçıvanın “Cinayətsiz region” prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək.

Sonra məruzə ətrafında çıxışlar olub.

İnterpress.az