Beş ölkənin görkəmli alimləri Azərbaycanda torpaq tədqiqatı aparacaqlarbackend

Beş ölkənin görkəmli alimləri Azərbaycanda torpaq tədqiqatı aparacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı şəhərində \”Orta Asiyada ətraf mühitin, kənd təsərrüfatında torpaq və su ehtiyatları idarəçiliyinin müasir üsullarla tədqiqi və qiymətləndirilməsi\” mövzusunda beynəlxalq simpozium keçirilib.

Çin, Rusiya, Yaponiya, Koreya Respublikası, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan alimlərinin iştirak etdiyi simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev \”Azərbaycanda vaxtilə meliorasiya olunmuş ərazilərdə antropogen təsirlər nəticəsində torpaqların deqradasiyası\” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan İnterpress.az-a bildirilib ki, simpoziumda çıxış edənlər Orta Asiyada torpaqların deqradasiyasından danışıblar. Bildirilib ki, vaxtilə istər Amudərya, Sırdərya, istərsə də Kür və Araz çaylarından suvarma üçün götürülən suyun primitiv selləmə üsulu ilə suvarmada istifadə olunması hər yerdə irriqasiya eroziyasına, torpaqdan qida maddələrinin yuyulmasına, nəticədə torpaqların təkrar şorlaşmasına səbəb olub.

Əlövsət Quliyev məruzəsində Kür-Araz ovalığında köhnəlib sıradan çıxmış kollektor-drenaj sistemlərinin müstəqilliyin ilk illərində müəyyən fəsadlar törətdiyini, xüsusilə açıq drenajların qamışla örtülməsinin, örtülü drenlərin baxımsızlıq üzündən yararsız hala düşməsinin torpaqlarda təkrar şorlaşmanın baş verməsinə səbəb olduğunu vurğulayıb. Bu prosesin qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən tədbirlərdən danışan professor Əlövsət Quliyev dünya təcrübəsindən, müasir elmi araşdırma nəticələrindən istifadə edildiyini bildirib. Qeyd olunub ki, bu istiqamətdə görülən işlər hər il yeni torpaqların əkin dövriyyəsinə qatılmasına imkan verir.

Simpoziumda keçmiş Sovet İttifaqı ölkələrində torpaq və su ehtiyatlarından istifadə idarəçiliyinin vəziyyətinin monitorinqi və onun müasir dövrdə idarəçilik mexanizmi geniş müzakirə edilib, baş verən neqativ halların aradan qaldırılması yolları müəyyənləşdirilib.

Sonra bölmələr üzrə məruzələr dinlənilib, yekun qərarlar qəbul edilib.

Simpozium çərçivəsində Qazaxıstanın U.Uspanov adına Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilədə elmi əməkdaşlığın daha da genişləndirilməsi, neftlə çirklənən torpaqların rekultivasiyasında yeni üsulların tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün Rusiya, Qazaxıstan və Azərbaycan alimlərinin birgə tədqiqata başlaması öz əksini tapıb.

Eyni zamanda, U.Uspanov adına Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dəstəyi ilə beynəlxalq dövlətlərarası torpaq tədqiqatı ekspedisiyasının yaradılması ilə əlaqədar razılaşma əldə olunub. Razılaşmaya əsasən, 5 dövlətin 10 alimindən ibarət tədqiqat qrupu hər il bir ölkədə tədqiqat aparacaq. Onların maliyyələşdirilməsini isə U.Uspanov adına Torpaqşünaslıq və Aqrokimya İnstitutu öz üzərinə götürüb.

Beləliklə, ilk dəfə beynəlxalq torpaq tədqiqatı ekspedisiyasının yaradılmasına nail olunub.

Bundan əlavə, tədqiqatçıların birgə iş aparmasına, konfranslar və görüşlər keçirməsinə dair razılıq əldə edilib.

İnterpress.az