Avqustdakı növbəti hərraca səhmdar cəmiyyətləri və nəqliyyat vasitələri özəlləşdirməyə çıxarılıbbackend

Avqustdakı növbəti hərraca səhmdar cəmiyyətləri və nəqliyyat vasitələri özəlləşdirməyə çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitədən İnterpress.az-a bildirilib ki, ƏMDK tərəfindən göstərilən hərrac xidmətləri hər kəsin dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirakını təmin edir. Cəlbedici əmlakların hərraca çıxarılması ilə investorlar faydalı sahə, qiymət, ərazi, torpaq sahəsi baxımından müxtəlif olan dövlət obyektləri üzrə seçim edə bilər. Avqustun 20-də keçiriləcək hərraca ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12,2 kvadratmetr ilə 2889 kvadratmetr arasındadır. Bu dövlət əmlaklarından çoxu özəlləşməyə torpaq sahəsi ilə birgə çıxarılıb. Onlar arasında ticarət və xidmət müəssisələri, təsərrüfat obyektləri, qeyri-yaşayış binaları var.

Şəki şəhəri, B.Məmmədov küçəsindəki dövlət əmlakının faydalı sahəsi 151,3 kvadratmetrdir. İnvestor xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları olan bu obyekti 213,5 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirə bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin faydalı sahəsi 9,2 kvadratmetr ilə 127,4 kvadratmetr arasındadır. Bu dövlət əmlaklarından 7-si paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Ən yüksək faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindədir. Bu dövlət əmlakı xidmət, ticarət və ya ofis obyekti kimi istifadəyə uyğundur.

Səhmdar cəmiyyətlərinin 30-45 faizlik arasında olan səhm paketləri özəlləşdirilməyə çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlakları Lənkəran, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar səhmdar cəmiyyətləri üzrə seçimlərini “Xəzər Avtonəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Daşkəsən Aqrotexservis” və digər əmlaklar üzrə edə bilərlər.

Hərraca buraxılış tarixləri 1990-2009-cu illər olan nəqliyyat vasitələri də çıxarılıb. Avtomobil sahibi olmaq istəyən şəxslər “Nissan”, “Kia”, “Chevrolet”, “Hyundai” və digər markalardan olan nəqliyyat vasitələri üzrə seçim edə bilər.

Özəlləşdirməyə qoşulmaq istəyən şəxslər onlayn formada qeydiyyatdan keçərək seçdiyi dövlət əmlakının ilkin qiymətinin 10 faizi həcmində behi ödəyib hərracda iştirak statusu qazana bilər. Bunun üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Komitənin keçirdiyi hərraclarda istənilən şəxs sifarişçi və müşahidəçi kimi həm canlı, həm də onlayn formada iştirak edə bilər.

İnterpress.az