Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlərbackend

Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu çərçivədə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin Heydər Əliyev Muzeyinə ekskursiyaları təşkil olunub.

Muzeyin direktoru Ramil Orucəliyev mədəniyyət müəssisəsi barədə danışaraq bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Vurğulanıb ki, dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl həyat məktəbidir. Xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş muzey Ulu Öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri dahi Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır. Burada nümayiş etdirilən eksponatlar Ümummilli Liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır.

Məktəblilər Naxçıvan Dövlət Xalça və Ədəbiyyat muzeylərini də ziyarət ediblər.

Mədəniyyət müəssisələrində şagirdlərə tariximiz və mədəni irsimiz haqqında dəyərli məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

İnterpress.az