“Aİ ilə Azərbaycan arasında danışıqların müsbət nəticələnəcəyinə ümid edirik” – Sven Sesterbackend

“Aİ ilə Azərbaycan arasında danışıqların müsbət nəticələnəcəyinə ümid edirik” – Sven Sester

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Cənab Sester, Estoniya və Azərbaycan arasındakı əlaqələri necə dəyərləndirirsiniz? Bundan əlavə, iki ölkənin parlamentlərarası əlaqələri barədə nə deyə bilərsiniz?

– Estoniya və Azərbaycan arasında ikitərəfli əlaqələr tarixən yaxşı olub, lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Son illərdə yüksək səviyyəli görüşlər vasitəsilə artmaqda olan siyasi əməkdaşlığımızda dövlət səviyyəsində inkişafa nail olmuşuq. Bir sıra nazirlərimiz Azərbaycana səfər ediblər. İki ölkənin parlamentləri arasında əlaqələr də yaxşıdır. Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun sədri Mixail Korb 2018-ci ildə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib. Estoniya parlamentin sabiq vitse-prezidenti Kalle Lannet ötən il oktyabrın 25-26-da Azərbaycanda keçirilən VI Bakı Beynəlxalq Humanitar Foruma qatılıb. Səfər zamanı Kalle Lannetin Milli Məclisin Sədri Oqtay Əsədov, Xarici İşlər naziri Elmar Məmmədyarov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə olduqca xoş görüşləri baş tutub. Ümid edirik ki, əlaqələrin daha da möhkəmlənməsi üçün yeni yollar tapacağıq.

– Siz həm Maliyyə naziri, həm də Estoniya parlamentinin İqtisadi Məsələlər Komitəsinin sədri vəzifəsində çalışıbsınız. Azərbaycan və Estoniya arasında iqtisadi əlaqələri barədə nə deyə bilərsiniz? Hansı sahələrdə daha dərin əlaqələr qurmaq imkanı var?

– Təəssüf hissi ilə qeyd edim ki, Estoniya və Azərbaycan arasındakı ticarət dövriyyəsi o qədər də böyük deyil. Son illərdə ticarət dövriyyəsi təxminən 4 milyon avro həcmində olub. Lakin hər iki ölkə bu göstəricinin artmasında maraqlıdır. İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində də əməkdaşlıq üçün böyük imkanlar var. İki ölkə arasında bu sahədə çox gözəl əlaqələr qurulub və Estoniyanın dünyada İKT üzrə nüfuzunu nəzərə alsaq, düşünürəm ki, daha geniş imkanlar meydana çıxacaq. Bundan əlavə, turizm və azad daşınma məsələləri daha da ətraflı tədqiq olunmalıdır.

– İki ölkə arasında əməkdaşlığı artırmaq üçün hansı tədbirlər görülməlidir?

– Müntəzəm olaraq, ticarətin və sərmayənin təşviqi üzrə ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün Hökumətlərarası Komissiyada görüşürlər keçirilir. Növbəti görüş bu il Tallində baş tutacaq. Çox şadıq ki, parlamentlər arasındakı əlaqələr çox yaxındır. Düşünürəm ki, əlaqələr daha da inkişaf edəcək, siyasi, rəsmi və iqtisadi səviyyədə dialoq daha da intensivləşəcək. İqtisadi əlaqələr baxımından nəqliyyat və logistika sahələrinin inkişafı üçün böyük imkan var. Azərbaycanın Estoniyadan idxalı və bu ölkəyə sərmayəsi getdikcə artır, lakin Estoniyanın qabaqcıl sahibkarlarının Azərbaycana sərmayəsi azalmaqdadır. Kənd təsərrüfatı sahəsindəki əməkdaşlığın geniş inkişaf imkanları mövcuddur. Habelə ikitərəfli turizm əlaqələri inkişaf etməkdədir. Bildiyiniz kimi, “Germalo” Estoniyadan Azərbaycana səyahət paketi təqdim edən ilk səyahət agentliyi olub. Təhsil sahəsində də böyük inkişaf müşahidə edilir və biz bunu daha da artırmalıyıq. Azərbaycan universitetlərinin nümayəndələri müntəzəm olaraq Tallin və Tartuya səfər edir. Azərbaycanın ali təhsil sisteminin yenidən qurulmasında Estoniya mütəxəssisləri iştirak ediblər. İki ölkənin Elmlər Akademiyaları 2016-cı ildə əməkdaşlıq barədə müqavilə imzalayıb. Dənizçilik akademiyaları, eyni zamanda Azərbaycan Diplomatik Akademiyası ilə Tallin Texnologiya Universiteti arasında da incə əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanlı tələbələrin Estoniya universitetlərində magistr təhsili alması üçün nəzərdə tutulmuş təhsil proqramlarını da qeyd etmək lazımdır. Təhsil sahəsindəki əməkdaşlıq xalqlararası əlaqələri və qarşılıqlı anlaşmanı artırmaq üçün mükəmməl vasitədir.

– Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasətinin bir hissəsi olan “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi qeyd olunur. Estoniya bu layihəni dəstəkləyən Avropa İttifaqı üzvlərindən biridir. Siz bu layihəni və onun geridə qalan illərdə icrasını necə qiymətləndirirsiniz? Adıçəkilən qurumun üzvü kimi Estoniya üzv olmayan dövlətlərin Avropa İttifaqına inteqrasiyasını hansı yolla dəstəkləyə bilər?

– Estoniya “Şərq Tərəfdaşlığı” ölkələri arasındakı əməkdaşlığı yüksək qiymətləndirir və bu siyasəti Avropa İttifaqında fəal şəkildə təbliğ edir. Bu il biz “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyini qeyd edirik. Rahatlıqla deyə bilərik ki, bu siyasət Avropa İttifaqının ən uğurlu qonşuluq siyasətidir. Biz birlikdə çox şeyə nail olmuşuq. Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrin müsbət dinamikasının tərəfdarıyıq. Çox şadam ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq prioritetlərində razılığa gəlib və daha geniş razılaşma üçün danışıqlar davam edir. Ümid edirəm ki, bu danışıqlar tezliklə həm Azərbaycan, həm də Avropa İttifaqının lehinə nəticələnər. 2017-ci ilin noyabr ayında keçirilən “Şərq Tərəfdaşlığı”nın son zirvə görüşündə “2020-ci il üçün 20 praktiki nəticə” adlı iddialı plan qəbul edilib. Bu, “Şərq Tərəfdaşlığı” ölkələrinin Avropa İttifaqına inteqrasiyası üçün mühüm körpü və vasitədir. Avropa Parlamentinin yeni tərkibi artıq formalaşıb və payızda da Avropa İttifaqı Komissiyasının tərkibi də dəyişəcək ki, bu, yeni dönüş nöqtələrinin müəyyənləşdirilməsi üçün yaxşı məqamdır. Qeyri-kommersiya fondu olan və “Şərq Tərəfdaşlığı” təşəbbüsünün icrasına həsr olunmuş Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi praktiki əməkdaşlıq vasitəsilə regional səviyyədə inkişafa əhəmiyyətli dərəcədə töhfə verir. Estoniya Şərq Tərəfdaşlığı Mərkəzinin təşkil etdiyi tədbirlərdə müntəzəm olaraq iştirak edən azərbaycanlı həmkarlarımız, ali rəsmilər, ali səviyyəli ekspertlər və digər müvafiq partiyalarla mükəmməl əməkdaşlıq var.

– Bildiyiniz kimi, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Estoniyanın mövqeyi necədir?

– Estoniya münaqişənin ATƏT-in Minsk qrupunun himayəsi altında sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyirik. Nə Estoniya, nə də Avropa İttifaqı “Dağlıq Qarabağı” tanıyır. Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək mümkün deyil. Ümid edirik ki, danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri çərçivəsində davam edəcək.

– Estoniya informasiya texnologiyaları sahəsindəki uğurlarına görə tanınır. Bu sahədə Estoniya Azərbaycanla nəyi bölüşə bilər?

– İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində ölkələr arasında yaxın əməkdaşlıq mövcuddur. Estoniyanın informasiya texnologiyaları şirkətləri yerli mobil identifikasiya sisteminin, eyni zamanda dəniz monitorinq sisteminin inkişafına hər zaman dəstək olur. Habelə inkişafda olan e-xidmət mərkəzlərinə səfərlər olub. E-hökumət akademiyası e-hökumət sahəsindəki təcrübələri Azərbaycanla bölüşür. Azərbaycan e-dövlət sahəsində son illərdə xeyli irəliləyişə nail olub. Biz eyni zamanda elektron rezidentura sahəsində də təcrübəmizi bölüşürük.

– Statistikaya əsasən, Estoniyada 2000-dən çox azərbaycanlı yaşayır. Onlar Estoniyaya hansı töhfələri verir?

– Estoniyada yaşayan azərbaycanlılarla müqayisədə, estonlar Azərbaycanda daha uzun müddət yaşayıb. XIX əsrdə estonlar Azərbaycanda Nobel ailəsinin zavodunda çalışıblar, bəzilərinin şəxsi neft quyuları olub. Sadaladığım bu faktlar iki ölkənin və xalqın əlaqələrinin qədim köklərə malik olduğunu göstərir. XIX əsrdə bəzi azərbaycanlı tələbələr Tartu Universitetində təhsil alıb, 1919-1920-ci illərdə Tallin və Bakı arasında yeni diplomatik əlaqələr yaransa da, məlum olduğu kimi, Sovet qoşunları Azərbaycanı işğal etdiyi üçün bu əlaqələr kəsilib. Sovet hakimiyyətinin son illərində Estoniyada bir neçə azərbaycanlı var idi, onlar 1988-ci ildə “Ocaq” Mədəni Cəmiyyətini yaratmışdılar. “Ocaq” cəmiyyətinin məqsədi Estoniyada Azərbaycan ictimaiyyətinin mövcudluğunu dəstəkləmək və iki ölkə arasındakı mədəni əlaqələri təşviq etmək idi. Onun adı 1996-cı ildə dəyişdirilərək “Eston Azərbaycan Cəmiyyəti” oldu. Cəmiyyət fəaliyyətini bu gün də davam etdirir. Azərbaycan cəmiyyətinin üzvləri bildirir ki, onlar azərbaycanlı olmaqla bərabər, həm də eston vətənpərvəridirlər.

Estoniyada yaşayan azərbaycanlılar Estoniya cəmiyyətinin tam səlahiyyətli üzvüdürlər. Eyni zamanda onlar öz milli mədəniyyətlərini və Vətənə bağlılıqlarını qoruyub saxlaya biliblər. Estoniyada yaşayan azərbaycanlılar Azərbaycan mədəniyyətini yaşatmaqla yanaşı, Eston mədəniyyətinin də Azərbaycanda təbliğində fəal iştirak edirlər. Hələ 1990-cı ildə Tallində Azərbaycan bazar günü məktəbi açılmışdı, uşaqlar orada öz ana dillərində təhsil ala və milli mədəniyyəti öyrənə bilirdilər. Məsələn, azərbaycanlı Eldar Əfəndiyev Narva şəhərinin meri, Estoniyanın Milli Münasibətlər və Məskunlaşma naziri vəzifəsini icra edib və Estoniya Parlamentinin üzvü olub. Bundan əlavə, bu gün Tallində estoniyalıları Azərbaycan mətbəxi ilə tanış edən bir sıra restoranlar fəaliyyət göstərir. (apa.az)

İnterpress.az