Kolleclərə qəbul olmaq istəyən 6000-dən çox abituriyent ixtisas seçimi edibbackend

Kolleclərə qəbul olmaq istəyən 6000-dən çox abituriyent ixtisas seçimi edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzindən (DİM) İnterpress.az-a verilən məlumata görə, indiyə qədər 6685 abituriyent ixtisas seçimi edib. Onlardan 6537 nəfəri Azərbaycan, 148-i isə rus bölməsindən olan abituriyentlərdir.

Qeyd edək ki, ixtisas seçimi avqustun 5-i saat 23:59-dək internet vasitəsilə həyata keçiriləcək.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Həmin ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xatırladaq ki, 9-cu sinfi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral- mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər (rus bölməsinin abituriyentləri Azərbaycan dili imtahanından məqbul qiymət aldıqları halda) üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 5-dək aktiv olacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.

İnterpress.az