XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin sonuncu mətbuat konfransı keçirilibbackend

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin sonuncu mətbuat konfransı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

Azad Rəhimov bildirib ki, yarışlarda iştirak edən idmançıların və qonaqların rəylərinə əsasən festival uğurla təşkil olunub. Artıq 135 təltifetmə mərasimindən 115-i başa çatıb. Medal sıralamasında Rusiya komandası liderdir. Azərbaycan idmançıları da festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır.

“Biz festival müddətində yeniyetmə atletlərin timsalında əzmkarlığı, mübarizliyi ilə demək olar ki, Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu festival onları gələcəkdə daha böyük nailiyyətlərə üçün ruhlandıracaq. İnanıram ki, bütün qonaqlar yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılırlar. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş arzulayıram”, – deyə Azad Rəhimov bildirib.

Festivalda Azərbaycan idmançılarının qızıl medallarının sayının daha çox ola biləcəyini vurğulayan nazir deyib ki, ümumilikdə baxdıqda atletlərimizin nəticələri yaxşıdır.

Nazir yarışlara tamaşaçıların marağının gözlənildiyindən də böyük olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalar üçün nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmaq lazım gəldiyini deyib.

Yarışların yüksək səviyyədə işıqlandırılmasında media nümayəndələrinin rolunu xüsusi vurğulayan Gənclər və İdman naziri obyektlərdə hər gün orta hesabla 110-120 jurnalistin çalışdığını məmnunluqla bildirib. Nazir festival çərçivəsində “Olimpiya mədəniyyəti və təhsil”, “Yeni liderlərin idman liderliyi” və “Dopinqdən istifadəyə qarşı monitorinq” proqramlarının, eləcə də digər tədbirlərin reallaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Mətbuat konfransında iştirak edən Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxışında festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Bu festivalın gənclərin karyerasında özünəməxsus yer tutacağını vurğulayan N.Nayqard yarışlar çərçivəsində müxtəlif mədəni proqramların da yaxşı təşkil olunduğunu deyib. Qeyd edib ki, “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalı bütün Avropada gənclərin arasında yeni dostluqlara yol açdı.

Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki Azərbaycan atletlərinin uğurlu çıxışlarında və mötəbər turnirin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O bildirib ki, bu uğur Azərbaycan idmançılarını daha mötəbər yarışlarda qələbə qazanmağa ruhlandıracaq. O, idmançıların və nümayəndə heyətlərinin üzvlərinin ölkəmizdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

İnterpress.az