Abituriyentlərin nəzərinə: İxtisas seçiminin sonuna 7 gün qalıbbackend

Abituriyentlərin nəzərinə: İxtisas seçiminin sonuna 7 gün qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, I qrup 15 min 101, II qrup üzrə 10 min 166, III qrup üzrə 17 min 465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46 min 814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə qabiliyyət imtahanları davam edir və hələlik 5044 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Həmçinin 14 min 615 subbakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən İnterpress.az-a bildirilib ki, iyulun 30-na olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 29040, V ixtisas qrupu üzrə 4006 olmaqla ümumilikdə 33046 elektron ərizə (o cümlədən 6130 subbakalavr ərizəsi) təsdiq olunub. 6880 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçiminin sonuna 7 gün vaxt qalıb və 6 avqust saat 23.59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya universitetlərində və Naxçıvanda rayon təhsil şöbələrində ixtisas seçimi başa çatanadək fəaliyyət göstərəcək. Müxtəlif rayon təhsil şöbələri və məktəblərdə də məsləhət mərkəzləri fəaliyyət göstərir. Tam siyahı ilə linkdən tanış olmaq mümkündür: http://dim.gov.az/news/1922/

İnterpress.az