Naxçıvanda “Azərbaycan su təsərrüfatında irriqasiya avadanlıqları” layihəsinin həyata keçirilməsi üçün müqavilə imzalanıbbackend

Naxçıvanda “Azərbaycan su təsərrüfatında irriqasiya avadanlıqları” layihəsinin həyata keçirilməsi üçün müqavilə imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müqavilənin imzalanması mərasimində Azərbaycan Respublikasının bugünkü dayanıqlı iqtisadi inkişafı fonunda beynəlxalq institutların ölkəmizə marağının daha da artdığı vurğulanıb. Bildirilib ki, digər inkişaf etmiş ölkələr kimi, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikasının da qarşılıqlı, faydalı əməkdaşlıq və dostluq münasibətləri formalaşıb. Nəticədə 2016-cı ildə iki ölkə arasında texniki-iqtisadi əməkdaşlıq barədə razılıq əldə edilib. Bu razılaşmanın bir bəndində Çin Xalq Respublikası öz üzərinə belə bir öhdəlik götürüb ki, Azərbaycan Respublikasına əvəzsiz olaraq su təsərrüfatı üçün avadanlıq və texnikalar göndərsin. Bununla əlaqədar Çin Xalq Respublikasının Kommersiya Nazirliyi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə danışıqlar aparıb və müqavilə razılaşdırılıb. Həmin müqavilənin Naxçıvan Muxtar Respublikasında imzalanmasının təşəbbüskarı Çin Xalq Respublikasının ölkəmizdəki keçmiş səfiri olub.

Müqaviləyə əsasən avadanlıqların daşınması, onların sığortalanması, quraşdırılması və zəmanət müddətində texniki xidmətin göstərilməsi xərclərini Çin dövləti ödəyəcəkdir. Bu işlərlə Çinin Çindau şəhərində fəaliyyət göstərən “AUCMA” import-eksport şirkəti məşğul olacaqdır. Avadanlıq və texnikalar Naxçıvan Muxtar Respublikası gömrüyündə Azərbaycan tərəfinə təhvil veriləcəkdir.

Dəyəri 22 milyon 580 min Çin yuanı olan müqavilədə nəzərdə tutulub ki, Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə 30 müxtəlif təyinatlı texnika, 13 dəst plastik qaynaq aparatı, 5 təkərli metal qaynaq aparatı, 2 hava kompressoru, 3 dəst yeraltı su detektoru, 6 açıq və qapalı sistemlərdə suyun sürətini ölçən cihaz və 8 sızma detektoru veriləcəkdir.

Göndəriləcək bütün mallar Çin Xalq Respublikasının texniki şərtləri və standartlarına uyğun istehsal olunub və həmin dövlətin müvafiq orqanlarının keyfiyyət sertifikatlarına malikdir.

Bu texnikaların quraşdırılması və iş prinsipinin öyrədilməsi üçün texniki personalın göndərilməsi və bir ay müddətində bu işlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Müqaviləyə görə, Azərbaycan tərəfinin də bir neçə öhdəliyi var. Bunlardan biri avadanlıqların saxlanılması üçün qapalı dayanacaqların tikilməsi olub ki, o da komitə tərəfindən həyata keçirilib.

Müqavilənin imzalanması mərasimində Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək bildirib ki, təqdimatına toplaşdığımız bu layihə artıq Çin Hökumətinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi çoxsaylı irihəcmli layihələrdən kənd təsərrüfatı sahəsi üzrə olan ikincisidir. Birinci layihə 2017-ci ilin fevral ayında “Bərəkət Toxumçuluq” təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həyata keçirilib.

Elşad Əliyev deyib ki, həmin layihəyə əsasən toxumçuluq təsərrüfatına 33 adda 80 ədəd kənd təsərrüfatı texnikası və avadanlıqları verilib. Təsərrüfatın 2000 hektar torpaq sahəsi vardır ki, bunun da 1023 hektarında qapalı suvarma şəbəkəsi qurulub və bu işlər davam etdirilir. Adıçəkilən layihə artıq öz bəhrəsini verməkdədir.

“Üç ildir ki, Çin Hökuməti tərəfindən əvəzsiz olaraq verilmiş kənd təsərrüfatı texnikaları ilə həmin təsərrüfatda şum, səpin və biçin işləri həyata keçirilir”, – deyən Baş nazirin birinci müavini bildirib ki, cari ildə verilmiş texnikalarla 1037 hektar sahədə əkin və biçin işləri aparılıb, 2500 ton taxıl məhsulu istehsal olunub. Bu da muxtar respublikada dənli bitkilərin toxumuna olan tələbatın ödənilməsində mühüm rol oynayıb. Gələcəkdə həmin təsərrüfatda verilmiş texnikalarla 2000 hektar sahədə əkin işlərinin aparılması və 6000 ton məhsul istehsalı gözlənilir.

Diqqətə çatdırılıb ki, meliorasiya sahəsində həyata keçirilən ikinci layihəyə əsasən veriləcək 17 adda 67 ədəd texnika da muxtar respublikanın kənd təsərrüfatının aparıcı sahələrindən olan meliorasiya təsərrüfatının daha da yaxşılaşmasına və inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Elşad Əliyev meliorasiya sahəsində həyata keçirilən bu layihəyə görə muxtar respublikanın rəhbəri və hökuməti adından Çin Xalq Respublikası Hökumətinə dərin hörmət və ehtiramını ifadə edib.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov və Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin ticari-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan müqaviləni imzalayıblar.

İnterpress.az