Astarada sitrus bağlarında karantin zərərvericilərinə qarşı mübarizə aparılırbackend

Astarada sitrus bağlarında karantin zərərvericilərinə qarşı mübarizə aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən İnterpress.az-a bildiriblər ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Astara rayon Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən sitrus bağlarında son həftə ərzində 161 hektar sahədə müşahidələr aparılıb, 75 hektarda karantin zərərvericilər olan sitrus ağqanadlısı, lağımlayıcı sitrus güvəsi və karantin yastıcılara rast gəlinib. Sirayətlənmiş 63 hektar sahədə kimyəvi mübarizə tədbiri həyata keçirilib və mübarizə tədbirləri davam etdirilir.

Sitrus ağqanadlısı karantin zərərvericisi respublikanın Astara və Lənkəran rayonlarında müşahidə olunur. Zərərvericilərin süfrələri həmişəyaşıl bitkilərin yarpaqlarında qışlayır. Süfrələr yazda inkişafını başa çatdırır, yetkin hala keçir və cavan yarpaqların alt səthinə tək-tək və qrup halında 60-170 ədəd yumurta qoyur. Təxminən 6-7 gündən sonra yumurtalardan süfrələr çıxır. Onlar üç dəfə qabıq dəyişir və nimfalara çevrilir. Mühit amillərindən asılı olaraq süfrələrin inkişafı 25-30 gün, nimfaların inkişafı isə 15 günə başa çatır. Bu zərərverici əsasən limon, naringi, portağal, çay, xurma, qreyfrut, dəfnə bitkilərinə ziyan vurur.

Mübarizə tədbirləri zamanı karantin tədbirlərə əməl edilməli, zərərvericilərin yayıldığı mənbədən qonşu regionlara ağac tinglərinin və qələmlərin aparılması qadağan olunmalıdır. Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlərin biri ilə – “Bi-58 novıy”, (0.7-1,5 l/ha), avirmek (0,25 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. aparılmalıdır.

İnterpress.az