Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Paşinyan “Qarabağla birləşmək” şüarını səsləndirməklə qırmızı cizgini aşdı" - Politoloq

Politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Azərbaycanın işğal altındakı torpaqlarına gələrək Xankəndi meydanında çıxış etməsi və “miatsum” (birləşmək) şüarı səsləndirməsini şərh edib.

Dərc edilib: 6 avqust 2019 [14:57]
Baxış sayı: 5497

İnterpress.az xəbər verir ki, E.Şahinoğlu bunun Dağlıq Qarabağ separatçılarının 1980-ci illərin sonunda səsləndirdikləri ilk şüar olduğunu xatırladıb.

Onun sözlərinə görə, ermənilər daha sonra bu şüardan imtina etdilər:

“Çünki separatçılar və onların arxasında dayanan güclər də anladılar ki, “birləşmə”ni beynəlxalq aləm anneksiya kimi qəbul edəcək və separatçılar lazımi dəstəkdən məhrum olacaqlar. Ona görə də separatçılar Ermənistanla birləşmək şüarından vaz keçdilər, dünyanın digər ölkələrindəki separatçılar kimi “müstəqillik” uğrunda mübarizəyə başladılar, torpaqlarımızın sonrakı işğalı da “müstəqillik ideyası” adı altında həyata keçirildi. “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını Ermənistana rəhbərlik edən nə Levon Ter-Petrosyan, nə də qatı separatçılar Robert Koçaryan və Serj Sarqsyan səsləndirdilər”.

Politoloq qeyd edib ki, onlar iki mühüm amilə görə “miatsum” səsləndirməkdən imtina ediblər:

“Birincisi, onlar anlayırdılar ki, “birləşmə” ideyası Ermənistanın “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” uğrunda mübarizəsinin beynəlxalq aləmdəki mövqelərini zəiflədəcək. İkincisi, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” ideyasının səsləndirilməsi faktiki danışıqlardan imtina edilməsi, atəşkəsin intensiv pozulması, o cümlədən Azərbaycanla müharibə ehtimalını artırırdı. Ermənistanın keçmiş rəhbərləri bunun qorxusundan hətta Ermənistan parlamentində “Dağlıq Qarabağın tanınması” səsverməsini də hər dəfə təxirə salırdılar”.

O söyləyib ki, N.Paşinyan xələflərindən fərqli yol seçdi və çoxdan unudulmuş “miatsum” şüarına qayıtdı:

“Avqustun 5-də (bu tarixi unutmamaq lazımdır) elan etdi ki, “Arsax elə Ermənistandır”. Paşinyanın Dağlıq Qarabağdakı mövqeləri zəifdir və bölgədə gələnilki “prezident seçkisi”ndə öz adamını kürsüdə otuzdurmaq istəyir. Paşinyan “Arsax elə Ermənistandır” şüarını bəlkə də bu məqsədlə söyləyib ki, onun namizədi yeni “şüar”la seçki kampaniyasına başlasın.

Nikol Paşinyanın məqsədi nə olursa-olsun, Ermənistanın baş naziri səsləndirdiyi “şüar”la qırmızı cizgini aşdı. Artıq dünəndən başlayaraq Dağlıq Qarabağda erməni separatçılığının başında dayanan şəxslər də “miatsum” şüarına qayıdışın onlara baha başa gələcəyinə dair ehtiyatlı açıqlamalar verməyə başlayıblar. İstisna etmirəm ki, “Qarabağ klanı”nın lideri Robert Koçaryan da yaxın vaxtlarda Paşinyanın təhlükəli oyuna girişdiyinə dair açıqlama verəcək. Vəziyyət nə qədər qəribə olsa da, Koçaryanın bu mövzuda Paşinyan əleyhinə verəcəyi açıqlama bəlkə də münaqişənin başladığı uzaq 1980-ci illərdən bu tərəfə Azərbaycanın gələcək planında əlini gücləndirəcək”.

Azərbaycanın belə situasiyada nə etməsinə gəlincə, E.Şahinoğlu bildirib:

“Birincisi, dərhal beynəlxalq təşkilatlar Paşinyanın açıqlamasına münasibət bildirməlidir. Ondan izahat tələb olunmalıdır. Paşinyanın Xankəndindəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir.

İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi Müdafiə Nazirliyi ilə birgə sərt bəyanat yaymalıdır. Paşinyan Xankəndindəki çıxışı ilə buna qədər olan şifahi razılaşmaların üstündən xətt çəkir, ortada nə “Praqa prosesi”, nə də “Madrid planı” qalır.

Üçüncüsü, əslində Nikol Paşinyan bəlkə də anlamadan Azərbaycan Ordusu üçün manevr imkanlarını genişləndirir. Bu şansdan isti-isti istifadə etmək lazımdır. Dünya tarixindəki müharibələr hansısa yanlış açıqlamadan və hərəkətdən başlayıb. Ancaq bu qərarın verilməsi də asan deyil. Ordunun istədiyi kimi hərəkət etməsi üçün siyasi qərardan əlavə, düşmən müttəfiqinə işləyən mexanizm tam neytrallaşdırılmalıdır. Bunu da etməliyik”.

Xatırladaq ki, N.Paşinyan avqustun 5-də axşam saatlarında Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edib. O, Xankəndində 31 il əvvəl - erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən “Birləşmək” (“miatsum”) şüarını təkrarlayıb. (oxu.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164