“Azərbaycan Sənaye Korporasiyası” hər ayın yekunları üzrə “Ayın işçisi” adı təsis edibbackend

“Azərbaycan Sənaye Korporasiyası” hər ayın yekunları üzrə “Ayın işçisi” adı təsis edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ASC-dən İnterpress.az-a verilən məlumata görə, Bu münasibətlə “Ayın işçisi” adını alan əməkdaşlara Korporasiyanın baş direktoru Kamran Nəbizadə və digər rəsmi şəxslər tərəfindən sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən Baş direktor Kamran Nəbizadə qeyd edib ki, Korporasiyanın fəaliyyət göstərdiyi müddət ərzində qarşıda duran vəzifələrin həllində bir sıra nailiyyətlər əldə olunmasına baxmayaraq, problemlər hələ də mövcuddur və onların həlli hər bir əməkdaşın qarşısında məqsəd olmalıdır. “Ölkədə qeyri-neft sektorunun inkişafına öz töhvəsini vermək, bu sektorda bəlli yerə və çəkiyə malik olmaq Korporasiyanın əsas məramlarından olmalıdır ki, “Ayın işçisi” adının təsis olunması da bu baxımdan əhəmiyyət kəsb edir və bu ad gələcək nailiyyətlər üçün təkanverici rol oynayır” – deyə Kamran Nəbizadə bildirib.

Baş direktor onu da vurğulayıb ki, “ASK\” ASC və nəzdində olan törəmə müəssisələrin işçiləri ilə yanaşı Korporasiyanın əməkdaşlıq göstərdiyi fermerlərə də “Ayın işçisi” adı verilib. Bu da onu göstərir ki, fermerlərin işi yalnız Korporasiya deyil, ümumilikdə ölkədə aqrar sektorun inkişafında böyük əhəmiyyət kəsb edir. Korporasiyanın rəhbəri onu da əlavə edib ki, Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən fermerlərə mütəşəkkil dəstək göstərilməsi, kəndli və fermerlər ilə sıx əməkdaşlıq, kənd təsərrüfatı sahəsində səmərəli idarəçilik və beynəlxalq təcrübənin tətbiqi əsas meyarlardandır.

Görüşdə “Azərpambıq ASK” MMC-nin Sabirabad Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin nümayəndəsi ilə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər nəzərə alınıb.

“Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksinin İstehsalat sahələrinin birləşmiş müdirliyinin mütəxəssisi ilə söhbət zamanı baş direktor Kamran Nəbizadə Korporasiynın nəzdində olan törəmə müəssisələrin inkişafı istiqamətində aparılan işlərin çoxşaxəli olmasını və hər bir sahənin fərqli yanaşma, məxsusi həll yolları tələb etməsini vurğulayıb. Baş direktor “Azəralüminium” MMC-nin də bu baxımdan istisna olmadığını qeyd edib və bildirib ki, yeni Anod İstehsalı və Gəncə Gil-Torpaq zavodunun, həmçinin Elektroliz zavodunun ikinci fazasının tikintisi ilə istehsal gücünün gələcəkdə 100 min tona çatdırılması, nəticədə yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsi qarşıda duran prioritet məsələlərdəndir.

İnterpress.az