Baramaçılığın inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdirbackend

Baramaçılığın inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayonun inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 200 min ədədə yaxın tut tingi əkilib. 2016-cı ildə rayonda 2,4 ton, 2017-ci ildə 13 ton, 2018-ci ildə 16 ton 722,9 kiloqram barama istehsal olunub. Bu il isə rayonda 126 kümçü tərəfindən 525 qutu (9975 qram) ipəkqurdu bəslənilib, 17 ton 106,8 kiloqram barama tədarük edilib.

Baramaçılığın bərpası regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Çünki baramaçılığın inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.

Ağdam rayon Xındırıstan kənd sakini Yafəs Eyvazov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində baramaçılığın kənd sakinləri üçün ən gəlirli və əlverişli təsərrüfat sahəsi olduğunu bildirib: “Baramaçılıq çox sərfəli və gəlirli sahədir. Mən də ipəkqurdu bəsləməklə qısa vaxtda 1700 manatdan artıq gəlir əldə etdim. Gələn il barama istehsalını daha da artırmağı planlaşdırıram”.

Rayonun Mahrızlı kəndində məskunlaşan Xocalıdan olan məcburi köçkün Eldar Mirzəliyevin ailəsi də iki ildir ipəkqurdu bəsləyir. “Bu il üç qutu ipəkqurdu bəsləyib 150 kiloqram məhsul tədarük etdik. Bir ayın zəhmətinin müqabilində ailə büdcəmizə 1350 manat vəsait daxil oldu. Bu isə bizi qane edir. Ölkəmizdə baramaçılığın yenidən inkişaf etdirilməsinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm, – deyə o qeyd edib. (azərtac)

İnterpress.az