Rusiya-Azərbaycan: Ümumi gələcək gənclərin əlindədirbackend

Rusiya-Azərbaycan: Ümumi gələcək gənclərin əlindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya müsahibəsində gənclər arasında əməkdaşlığın hansı formalar almasından və onun uzunmüddətli perspektivlərə necə təsir göstərməsindən danışıb.

– Nataliya Rudolfovna, gənc nəslin nümayəndələri arasında inteqrasiya əlaqələrini necə qiymətləndirirsiniz?

– Fəal gənclər istənilən ölkədə cəmiyyətin ən mühüm təbəqəsidir. Bu, xüsusilə Azərbaycana aiddir. “Eurostat”ın məlumatına görə, burada gənc əhalinin payı 9,4 faizdir ki, bu da Avropada ən yüksək göstəricidir. Azərbaycanın öz tarixində ən güclü və dinamik dövrü yaşadığı indiki vaxtda respublikaya cavan əllər lazımdır. Məsələn, Azərbaycan iri beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübə toplayıb və Azərbaycan gəncləri həmin tədbirlərin təşkili prosesinə fəal cəlb olunub.

Gənclər arasında əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri prinsipcə yeni səviyyəyə qaldıra bilər. Buna görə də belə əməkdaşlıq getdikcə daha aktual və ehtiyac duyulan trendə çevrilir. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin təşəbbüsü ilə bu ilin əvvəlində Dövlət Dumasında keçirilən dəyirmi masada çıxış edən ekspertlərin, demək olar, hamısından eşidirdim ki, az qala hər bir beynəlxalq layihədə məhz gənclərə xüsusi rol ayrılır. Axı məqsədə çatmağa istiqamətlənmiş özünü reallaşdırma səyləri və sağlam ambisiyalar Rusiya və Azərbaycan gənclərinə eyni dərəcədə xasdır. Bu isə o deməkdir ki, biz təklikdə deyil, birlikdə daha böyük işlər görə bilərik.

– Bəs iki ölkənin gəncləri arasında qarşılıqlı fəaliyyət hazırda hansı istiqamətlərdə inkişaf edir?

– Mən üç əsas istiqaməti fərqləndirərdim: təhsil, multikulturalizm və sosial problemlər. Bu istiqamətlər gənclərin yay düşərgələrindən tutmuş məsələlərin geniş dairəsi üzrə forumlara qədər müxtəlif formalarda həyata keçirilə bilər. Belə tədbirlərin iştirakçıları bir-biri ilə tanış olur, faydalı əlaqələr qurur, öz layihələrini təqdim edir və zəmanəmizin adlı-sanlı şəxsiyyətləri ilə görüşərək onların təcrübələrini öyrənirlər. Liderlik keyfiyyətlərinin inkişafı, kommunikativ vərdişlər, danışıqların aparılması üzrə treninqlər gənclərin inkişafına kömək edir. Bütövlükdə bunlar gənclərdə sosial əhəmiyyətli təşəbbüslərin, o cümlədən humanitar əməkdaşlıq və mədəniyyətlərarası dialoq sahəsinə aid təşəbbüslərin reallaşdırılması səriştəsi formalaşdırır.

– Deyəsən, ölkələrimizin təhsil sahəsində əməkdaşlığının tarixi daha uzunmüddətlidir. Son dövrlərin hansı maraqlı layihələrini qeyd etmək istərdiniz?

– Rusiya ilə Azərbaycanın ali məktəblərinin müasir əlaqələri Bakı Slavyan Universitetinin açılmasından qaynaqlanır. Bu gün respublikada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Rusiyanın daha üç ali məktəbinin filiallarını açmaq planlaşdırılır. 2015-ci ildə Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası yaradılıb. Hazırda həmin assosiasiya 53 ali məktəbi əhatə edir.

Rus dilində təhsil almaq istəyən məktəbli və tələbələrin sayı ildən-ilə artır. Bu, təkcə rus mədəniyyəti ilə yaxından tanış olmaq və işgüzar əməkdaşlığı inkişaf etdirmək deyil, həm də rusiyalı yaşıdlarla ünsiyyət saxlamaq imkanı verir və bu maraq da qarşılıqlı xarakter daşıyır. Bu yaxınlarda Sumqayıt Dövlət Universitetində tələbələrin “Odlar yurdu Azərbaycana səyahət” adlı yay məktəbi başa çatıb. Yay məktəbində rusiyalı tələbələr də iştirak ediblər. Onlar bir həftə ərzində Azərbaycanın ali məktəbləri ilə tanış olublar, tarixi və xatirə yerlərinə gediblər. Şübhəsiz, bütün bunları öz gözü ilə görənlər bir növ “xoşməramlı səfirə” çevriləcək və Azərbaycan haqqında müsbət informasiyanı öz dostlarına çatdıracaqlar.

– Multikulturalizmin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyi az sayda ölkələrdən biri məhz Azərbaycandır. Yəqin ki, bu təcrübə rusiyalı gənclərdə xüsusi maraq doğurmalıdır?

– Həqiqətən də Azərbaycan dünyanın tolerantlıq flaqmanıdır, onun bu istiqamətdə təcrübəsi planetimizin 20 ali məktəbində öyrənilir. Çoxsaylı xalqların yaşadığı, əhalisinin 90 faizi islam dininə etiqad edən ölkə dünyəvi inkişaf yolu ilə gedərək, hər bir insana öz yaradıcılıq potensialını açmaq imkanı verir. Bu təcrübəni öyrənmək vacibdir, çünki Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi multikulturalizm mövzusunda yay və qış məktəbləri təşkil edir. Onun iştirakçıları, o cümlədən rusiyalı tələbələr yerli əhali, din xadimləri və müxtəlif milli icmaların nümayəndələri ilə görüşürlər. Elə iki həftə əvvəl növbəti belə məktəb – “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumu başa çatıb.

– Yeri gəlmişkən, fəaliyyət haqqında. Sizin gətirdiyiniz misallarda söhbət daha çox gənclərin biliklərin əldə olunması ilə bağlı əlaqələrindən gedib. Bəs bu biliklərin praktiki müstəviyə keçirildiyi tədbirlər də varmı?

– Şəksiz. Məsələn, Moskva vilayətindəki “Pokoleniye” düşərgəsi artıq üçüncü dəfədir ki, öz qapılarını tələbə, gənclər və ictimai təşkilatların liderlərinin üzünə açır. Burada müxtəlif ölkələrdən gənclər millətlərarası mövzuda sosial videoçarxların yaradılması üzərində birlikdə çalışırlar. Lakin mən Pyatiqorskda keçirilən “Maşuk” forumunu xüsusi fərqləndirmək istəyirəm. Avqust ayında onuncu dəfə keçiriləcək yubiley forumun işində üç min adam iştirak edəcək. Azərbaycan gənclərinin nümayəndə heyəti də adətən bu foruma qatılır. “Maşuk” saysız-hesabsız digər tədbirlər arasında bununla fərqlənir ki, burada iştirakçıların hər birinin öz layihəsini müdafiə etmək, öz ideyasını reallaşdırmaq üçün qrant əldə etmək imkanı olur. Məsələn, ötən il forum iştirakçıları 83,8 milyon rubl məbləğində 671 layihə müdafiə ediblər. Gəncləri narahat edən müxtəlif problemlərə dair diskussiyalar, siyasətçilər, biznesmenlər və artistlərlə canlı ünsiyyətdə olmaq, çadırlarda romantik həyat kimi unikal imkanlar da bura əlavə olunsa, onda gənclərin “Maşuk” forumunda iştirak etməyə nə üçün can atdıqlarının xüsusi izahata ehtiyacı olmaz.

Ölkələrimizin gənc nəsillərinin qarşılıqlı yaradıcı fəaliyyətinin hər hansı forması xüsusi diqqətə və dövlət dəstəyinə layiqdir. Bu, strateji əməkdaşlığımızın bazasıdır. Müasir dövr qarşımıza yeni problemlər çıxarır. Bu problemlərin həllində gənclərin rolu artır. Bir çox məsələlər Rusiya ilə Azərbaycan gəncləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə bizim nə qədər qüvvə sərf etdiyimizdən birbaşa asılı olacaq. (azərtac)

İnterpress.az