Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



AMEA Naxçıvan Bölməsinin yaradılmasının 17-ci ildönümü qeyd edilib

Muxtar respublikada elmin inkişafına göstərilən diqqət və qayğı qədim diyarda elmin, milli ziyalılığın inkişafına, elmi potensialın artmasına misilsiz töhfələr verir. Məhz bunun nəticəsidir ki, AMEA Naxçıvan Bölməsində mövcud olan elmi potensial Naxçıvanın hərtərəfli öyrənilməsinə şərait yaradır.

Dərc edilib: 8 avqust 2019 [11:48]
Baxış sayı: 4392

İnterpress.az xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsinin yaradılmasının 17-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin keçdiyi tarixi inkişaf yolu və yaradılan şərait barədə danışıb. O bildirib ki, Azərbaycanda elmin inkişaf etdirilməsinə daim diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq qısa müddətdə bölmədə 6 elmi-tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya, eləcə də İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsi üçün iki üçmərtəbəli bina ayrılıb. 2005-ci ildə Bölmənin Bioresurslar İnstitutunun müasir tələblərə cavab verən binası, 2010-cu ildə isə institutun Biokimyəvi Tədqiqatlar laboratoriyasının binası istifadəyə verilib. Həmçinin Nəbatat bağı yenidən qurulub, müasir texnologiyaya malik istilikxana təşkil olunub, Astrofizika Rəsədxanası üçün yeni bina tikilib, elektron kitabxana, Arxeologiya və Etnoqrafiya Muzeyi, Distant Təhsil Mərkəzi, İnformasiya-Kommunikasiya Texnologiyaları otağı, Seysmoloji Xidmət Mərkəzi, həmçinin Bölmənin 5 elektron portalı yaradılıb. Bölmədə 2005-ci ildən yaradılan “Tusi” nəşriyyatında çap olunan “Xəbərlər” jurnalı 2010-cu ildə beynəlxalq indeks alıb.

Elmi-təşkilat şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Orxan Bağırov bildirib ki, kadr potensialının artırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Hazırda bölmədə 259 əməkdaş fəaliyyət göstərir, onlardan 98-i elmi işçidir. Bölmə əməkdaşlarının 2-si AMEA-nın həqiqi, 4-ü isə müxbir üzvü, 6-sı elmlər doktoru, 55-i isə fəlsəfə doktorudur. Onlardan 6 nəfəri professor, 40-ı isə dosentdir. Bölmənin 2006-cı ildən fəaliyyətə başlayan müxtəlif Dissertasiya Şuralarında həm Naxçıvan Bölməsinin, həm də müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşları 86 fəlsəfə doktoru və 17 elmlər doktoru dissertasiyaları müdafiə ediblər.

Bölmənin fəaliyyəti dövründə işıq üzü görən fundamental nəşrlər haqqında məlumat verən Orxan Bağırov bildirib ki, bəhs olunan dövrdə əməkdaşların 208 monoqrafiyası, 200 kitabı, 26 metodik vəsaiti, 8034 elmi məqaləsi və konfrans materialı, 209 tezisi, 21 xəritəsi çap olunub. Bütün bunlarla yanaşı, əməkdaşlar açıq dünya ensiklopediyası olan Vikipediyanın ingilis və rusdilli səhifələrində Naxçıvanın tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin təkzibini həyata keçirib, azərbaycandilli Vikipediya ensiklopediyasında redaktələrlə yanaşı, Naxçıvanla bağlı 180 yeni məqalə yerləşdiriblər. Ötən dövrdə bölmə əməkdaşları 5 tövsiyə, 48 buklet hazırlayıb, 28 patent alıblar. Fəaliyyət dövründə bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla, 23 qrant layihəsinin qalibi olublar. Bölmə əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunub və pasportlaşdırılıb.

Məruzəçi ötən dövrdə aparılan tədqiqatlar və əldə olunan elmi nəticələr barədə də ətraflı məlumat verib. O da qeyd olunub ki, “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında müxtəlif mövzularda interaktiv açıq dərslərin keçilməsi ölkəmizin təhsil sistemində bir ilkdir.

Bildirilib ki, ötən dövrdə beynəlxalq əlaqələrini genişləndirən bölmədə müxtəlif beynəlxalq səviyyəli simpozium və konfranslar keçirilib. Bölmənin əməkdaşları 439 beynəlxalq elmi simpozium və konfranslarda çıxış ediblər.

Bölmənin səmərəli elmi fəaliyyətinin dövlətimiz tərəfindən daim qiymətləndirildiyini, əməkdaşların yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görüldüyünü diqqətə çatdıran Orxan Bağırov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyi, akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına, həmçinin AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Tarixi mənbələrdə Nuh Peyğəmbər”, AMEA-nın müxbir üzvü, mərhum Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabları Ali Məclis Sədrinin mükafatına layiq görülüb. Həmçinin ötən dövrdə bölmə əməkdaşları dünyada və respublikamızda bir sıra beynəlxalq nüfuzlu elmi-tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılıb, beynəlxalq qurumların və jurnalların üzvü seçiliblər. Bölmənin 4 elmi əməkdaşı Naxçıvan şəhərində mənzil, 1 elmi əməkdaşı isə torpaq sahəsi ilə təmin edilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək bölmələr üzrə əldə olunan nailiyyətlərdən bəhs edib, əməkdaşların qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyini, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblər əsasında aparacaqlarını bildiriblər.

Sonda bölmənin fəaliyyəti ilə bağlı slayd nümayiş etdirilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165