“Azərbaycan güləşçiləri daha böyük zirvələr fəth etmək gücündədirlər” – Elçin Cəfərovbackend

“Azərbaycan güləşçiləri daha böyük zirvələr fəth etmək gücündədirlər” – Elçin Cəfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu günlərdə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya birinciliyində yeniyetmə güləşçilərimiz daha bir uğura imza atdılar. Yunan-Roma güləşçilərimiz Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) qızıl, Ziya Babaşov (48 kq) və Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıqlı (45 kq) isə bürünc medal qazanıblar. Komandamız bu nəticə ilə ikinci yeri tutub. Sərbəst güləşçi Cəbrayıl Hacıyev (65 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Murad Haqverdiyev (45 kq) isə bürünc medal qazanıb.

Bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov dünya birinciliyinin yekunları ilə bağlı müsahibəsində deyib.

Güləşçilərimizin bu il beynəlxalq arenalarda keçirilən turnirlərdə ölkəmizi layiqincə təmsil etdiklərini vurğulayan vitse-prezident deyib: “Komandamız Avropa Gənclər Olimpiya Festivalı, eləcə də qitə çempionatında yüksək nəticələr əldə etdilər. Bu uğurların qazanılmasında komandamızın ciddi hazırlığı mühüm rol oynadı. Çünki komandamız il ərzində yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdi. Digər yarışlarda da güləşçilərimizdən yüksək nəticələr gözləyirik. Yığmanın bəzi üzvləri artıq gənclər kateqoriyasında iştirak edəcəklər. Onların arasında elə idmançılar var ki, böyüklər arasında keçiriləcək təlim-məşqlərdə də yer alacaqlar. Bu gün Azərbaycan güləşçiləri daha böyük zirvələr fəth etmək gücündədirlər”. (azərtac)

İnterpress.az