Hiroşima və Naqasakinin atom bombardmanının 74-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan da təmsil olunubbackend

Hiroşima və Naqasakinin atom bombardmanının 74-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan da təmsil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, həmin tədbirlərdə Yaponiyanın Baş Naziri Şinzo Abe, Yaponiya parlamenti nümayəndələr palatasının sədri Tadamari Oşima, Yaponiya parlamenti müşavirlər palatasının sədri xanım Akiko Santo, ölkənin siyasi partiyalarının rəhbərləri, yüksək səviyyəli hökumət üzvləri və Yaponiyada akkreditə olunmuş diplomatik heyətin rəhbərləri iştirak ediblər.

Xatirə mərasimlərinə Hiroşima şəhərinin meri Kazumi Matsui və Naqasaki şəhərinin meri Tomihasa Tauenin dəvəti ilə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da qatılıb.

Yaponiyanın Baş Naziri Şinzo Abe bu tədbirlərdə çıxış edərək 74 il əvvəl avqustun 6-da Hiroşima şəhərinə, avqustun 9-da isə Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində Hiroşimada 140 min, Naqasakidə isə 80 min insanın həlak olduğunu xatırladıb. Baş Nazir bildirib ki, bu bombaların atılması nəticəsində sağ qalanlar olsa da, onlar sonra radiasiyanın qurbanı olublar, bir çoxları ailələrini və dostlarını itiriblər.

O qeyd edib ki, Naqasaki və Hiroşimada baş vermiş atom bombardmanı heç zaman təkrarlanmamalı, dünyada nüvə müharibəsinin baş verməməsi üçün bütün qüvvələr səfərbər olunmalıdır.

Tədbirlər çərçivəsində F.Talıbov Hiroşima şəhərinin meri Kazumi Matsui və Naqasaki şəhərinin meri Tomihasa Taue ilə görüşüb. F.Talıbov söhbət zamanı qeyd edib ki, Azərbaycanın Yaponiyada müvəqqəti işlər vəkili olaraq Hiroşima və Naqasaki şəhərlərində xatirə mərasimlərində ilk dəfə iştirak edir. Azərbaycanın da müharibənin ağır təcrübəsinə malik olduğunu qeyd edən F.Talıbov ərazimizin bir hissəsinin işğala məruz qaldığını vurğulayıb. (azərtac)

İnterpress.az