Abşeronda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri görülürbackend

Abşeronda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri görülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən İnterpress.az-a bildiriblər ki, müşahidələrin nəticələrinə əsasən 350 hektar ərazidə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ərazilərin indiyədək 170 hektarında “Xitinazon 48 SC” preparatını tətbiq etməklə (hektara 100 qram norma hesabı ilə) kimyəvi mübarizə tədbirləri həyata keçirilib. 74 hektar ərazidə isə mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxarılıb və yandırılma yolu ilə məhv edilib.

Hazırda Amerika ağ kəpənəyinə qarşı müşahidə və mübarizə tədbirləri aparılır.

Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişaf dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və digər yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.

Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan – diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. istifadə edilə bilər.

İnterpress.az