Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilirbackend

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Bu əziz gündə şəhidlərimizin ruhları yad edilir, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

İnterpress.az