Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Sosial Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü, professor Çjan Şuhuanın rəhbərlik etdiyi elmi və pedaqoji işçilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Dərc edilib: 14 avqust 2019 [16:29]
Baxış sayı: 751

ADU-dan İnterpress.az-a bildirilib ki, görüşdə elm və innovasiya məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyətindən danışıb. O, təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qlobal “Bir kəmər - bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalarda ixtisaslaşan rəhbərlik etdiyi qurumun elmi və ictimai fəaliyyəti, tədris prosesi barədə qonaqlara məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Çin nümayəndə heyətinin üzvləri Siyasi Psixologiya Mərkəzinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidovla görüşüblər. Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafına dair müzakirələr aparılıb və professor Çjan Şuhua “Dünya siyasətindəki dəyişikliklər və Çinin yeni dövrü” mövzusunda məruzə ilə çıxış edib.

Qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovla da görüşüblər. Görüşdə ekoloji sivilizasiya konsepsiyasının davamlı inkişaf məqsədi kimi yaşıl iqtisadiyyat, yaşıl həyat tərzi, eləcə də demoqrafiya və yeni istehlakçı mədəniyyətinin formalaşması proseslərinin planlaşdırılması və idarə olunması sahəsində Azərbaycan-Çin elmi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra çinli alimlər Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla görüşüblər. Görüşdə Çinin sosial siyasət və sosial islahatlar sahəsindəki təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə tədqiqat layihələrinin reallaşdırılması planları müzakirə edilib. Çinli qonaqlar – Çin Klassik Tibb Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Syuehun Fan və Pekin Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Tao Men ənənəvi Çin təbabəti, sağlamlıq üçün gimnastika “Tai Chi chuan” və təkbətək döyüş sənətinin “Wushu” əsasları mövzusunda ustad dərsləri keçiriblər.

Qeyd edək ki, çinli alimlər Azərbaycana ADU-nun rektoru, akademik Kamal Abdullanın dəvəti ilə gəliblər.\\

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162