Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış edibbackend

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.

Məktubda deyilir: “2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, “Pan-Ermənistan” oyunlarının açılışına qatılıb. Açılış “mərasim”ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərini ilhaq siyasəti yürütdüyünü təsdiq edir”. Məktubda qeyd edilir ki, Paşinyanın bu sayıqlamaları, əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub.

Etiraz məktubunda, həmçinin bildirilir ki, XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir. N.Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın işğalçılıq siyasətini gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir. Paşinyan “Qarabağ Ermənistanın tərkib hissəsidir” deməklə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur. Ermənistan baş nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib.

“Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”, – deyə etiraz məktubunda vurğulanır.

Qeyd edək ki, bu məktub ATƏT-in Minsk qrupu həmsədrləri ilə yanaşı, Minsk qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin Baş katibinə, Avropa Şurasının və Avropa İttifaqının müvafiq qurumlarına, habelə digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.

Məktubu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev, İdarə Heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və s. imzalayıblar.

İnterpress.az