BƏƏ-də insanların qardaşlığı barədə sənədin icrası məqsədilə Ali Komitə yaradılırbackend

BƏƏ-də insanların qardaşlığı barədə sənədin icrası məqsədilə Ali Komitə yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az yerli KİV-ə istinadla xəbər verir ki, insanların qardaşlığı barədə sənəddə əks olunan məqsədlərin həyata keçirilməsini təmin edən və onun strukturunun hazırlanmasına cavabdeh olacaq komitəyə Birləşmiş Ərəb Əmirlikləri, Misir, İspaniya və İtaliyadan üzvlər daxil olacaq.

Yeni komitə sənədin məqsədlərinə çatmaq istiqamətində plan hazırlayacaq və onun həyata keçirilməsinə nəzarət edəcək. Sənəddə öz əksini tapan mesajların geniş yayılması və dəstəklənməsi məqsədilə dini liderlərlə və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu qurum, həmçinin qarşılıqlı razılıq əsasında yeni üzvlər cəlb etmək imkanına malikdir.

Xatırladaq ki, 2019-cu ilin fevralın 6-da Əbu-Dabidə “Əl-Əzhar” İslam Universitetinin baş imamı Şeyx Əhməd Al-Tayib və Roma Papası Fransisk “İnsanların qardaşlığı” mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarına dair birgə sənəd imzalayıb. Sənəddə tolerantlıq mədəniyyətinin yayılması, sülh, qarşılıqlı anlaşma, terrorizm və ekstremizmə qarşı mübarizə çağırışları yer alıb. Bu sənədin imzalanması Vatikanla Əl-Əzhar, habelə müsəlmanlarla xristianlar arasında münasibətlərin tarixində ən mühüm addımlardan biri sayılır.

Əbu-Dabinin vəliəhdi və BƏƏ-nin silahlı qüvvələrinin baş komandanın müavini Şeyx Məhəmməd bin Zaed Al Nahayan bildirib ki, onun ölkəsi sülhə xidmət edən, qardaşlıq prinsiplərinin və xalqların sülh şəraitində birgə yaşamaları üçün göstərilən bütün səyləri dəstəkləyir. (azərtac)

İnterpress.az