Bərdədə gənclərin inteqrasiyasında mövcud vəziyyət müzakirə edilibbackend

Bərdədə gənclərin inteqrasiyasında mövcud vəziyyət müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bərdə rayon Gənclər və İdman İdarəsinin və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə könüllü gənclər iştirak edib.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov çıxışında bildirib ki, müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri əhatə edir. İnteqrasiyanı bir çox tədqiqatçılar yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Bu gün Azərbaycanın qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız siyasi deyil, həm də iqtisadi, elmi, informasiya məkanlarına inteqrasiya amillərini də əhatə edir. Hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün beynəlxalq təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilir.

Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov qeyd edib ki, inteqrasiya prosesləri müxtəlif səpkilərdə – siyasi, iqtisadi, mədəni və digər cəhətlərdən tədqiqatçılar tərəfindən öyrənilir. Keçən onilliklər ərzində inteqrasiyaya münasibətdə çoxlu baxışlar, mövqelər formalaşıb. Bunların sistemləşdirilməsi və ümumiləşdirilməsi inteqrasiya proseslərinin nəzəri-konseptual əsaslarının müəyyənləşdirilməsi vəzifəsinə daxildir.

Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nəsirli Fidan diqqətə çatdırıb ki, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin siyasətinə əsaslanıb. Ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir.

Bərdə regional “ASAN xidmət”mərkəzinin könüllüləri Nicat Camalzadə, Kəklik Tofiqli, Nicat İbrahimov gənclərin inteqrasiya prosesində yaranan problemlər və onların həlli yolları barədə fikirlərini bölüşüblər.

İnterpress.az