Ağır atletika üzrə Azərbaycan yığması təlim-məşq toplanışını Lahıcda davam etdirirbackend

Ağır atletika üzrə Azərbaycan yığması təlim-məşq toplanışını Lahıcda davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ağır Atletika Federasiyasından İnterpress.az-a bildiriblər ki, avqustun 10-dan başlayan təlim-məşq toplanışı sentyabrın 1-dək Lahıcda keçiriləcək. İl ərzində hazırlıq məkanlarını dəyişdirən məşqçilər heyəti bu dəfə münasib iqliminə görə yüksək dağlıq ərazi kimi Lahıcı seçib. Yığma komandanın məşqləri intensiv aparılır, yaxşı qidalanma və istirahət imkanlarından istifadə olunaraq idmançıların hazırlıq səviyyəsi artırılır.

Toplanış barədə məlumat verən ağır atletika üzrə Azərbaycanın yığma komandasının baş məşqçisi Asif Məmmədov deyib: “İlin ikinci yarısında bir neçə vacib beynəlxalq yarışımız olacaq. Sentyabrda böyüklər arasında dünya çempionatı, sonrakı aylarda isə gənclər və yeniyetmələr arasında Avropa birincilikləri keçiriləcək. Hazırda İsmayıllı rayonunun Lahıc qəsəbəsindəyik. Toplanışımız sentyabradək burada davam edəcək. Bu məkanın seçilməsində məqsəd onun coğrafi üstünlüklərindən faydalanmaqdır. Lahıc dəniz səviyyəsindən 1500 metr yüksəklikdədir. Burada keçirilən məşqlər idmançılarımızın hazırlığını qısa müddətdə xeyli artırmağa imkan verir. İki həftədir buradayıq. Toplanış yaxşı gedir, məşq, qidalanma, istirahət və bərpa ilə bağlı heç bir problemimiz yoxdur, bütün lazımi şəraitlə təmin olunmuşuq. Komandada zədəli idmançımız da yoxdur və yarışlara tam heyətlə hazırlaşa bilirik. Qarşıdakı beynəlxalq turnirlərdə qənaətbəxş nəticə əldə etmək istəyirik. İnanırıq ki, bu hazırlığın bizə böyük faydası olacaq”.

İnterpress.az