Yay istirahət düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edibbackend

Yay istirahət düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsində 100 nəfər yeniyetmə və gənc iştirak edib.

Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin tərəfdaşlıq etdiyi layihə çərçivəsində düşərgə iştirakçıları bir həftə ərzində müvafiq qurumların hərbi hissələrində təlimlərə cəlb olunub, hərb elminin sirlərinə yiyələniblər. Yeniyetmələrə silah və hərbi texnika, əsgərlərin yaşam tərzi, sərhədlərimizin qorunması haqqında peşəkar zabitlər tərəfindən ətraflı məlumat verilib.

Düşərgədə olduğu müddətdə gənclər Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Aprel döyüşlərinin iştirakçıları, Olimpiya çempionları, Milli Məclisin deputatları və Azərbaycanın nüfuzlu universitetlərinin rəhbərliyi ilə görüşlər keçirib, Quba və Qusarın görməli yerlərini gəziblər.

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edən gənclərə onun qısa, lakin şərəfli ömür yolu haqqında ətraflı məlumat verilib.

Düşərgənin son günü layihə iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, layihənin əsas məqsədi gənclər arasında hərbi vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına dəstək olmaqdır.

Layihənin əhəmiyyətindən danışan natiqlər torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur zabitlərimizə daha çox ehtiyac duyulduğunu qeyd ediblər.

Tədbirdə bildirilib ki, dövlətimiz tərəfindən gənclərin vətənpərvər ruhda böyüməsi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Bu işdə vətəndaş cəmiyyəti də fəal iştirak etməlidir. Çıxış edənlər ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adının əziz tutulduğunu, ailələrinin isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunduğunu deyiblər.

Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən düşərgə iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

İnterpress.az