Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Balakən rayonunda 7 siyahıyaalma məntəqəsi yaradılıb

Respublikamızda bu il oktyabrın 1-dən 10-dək keçirilməsi nəzərdə tutulan əhalinin növbəti siyahıyaalınmasına Balakən rayonunda da ciddi hazırlıq işləri görülür. Bu mühüm dövlət tədbirinin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb, təqvim planı təsdiq edilib.

Dərc edilib: 28 avqust 2019 [21:21]
Baxış sayı: 3352

Balakən Rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov İnterpress.az-a bildirib ki, əhalinin siyahıyaalınması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən həyata keçiriləcək. Dünya praktikasında hər bir ölkədə əhalinin sayı, sosial-demoqrafik strukturu haqqında əsas informasiya mənbəyi kimi həmin ölkədə aparılan siyahıyaalmanın məlumatları əsas götürülür. Ölkəmizdə də əhali, onun tərkibi, həyat şəraiti, sosial-demoqrafik vəziyyəti haqqında dəqiq məlumat əhalinin siyahıyaalınması əsasında əldə edilir.

Siyahıyaalınmaya hazırlıq işləri barədə məlumat verən Statistika İdarəsinin rəisi bildirib ki, indiyədək şəhər, qəsəbə və kənd ərazi dairələri üzrə sxematik xəritələr işlənib, ərazilər, küçə adları təkrar dəqiqləşdirilib, təsərrüfatbaşına uçot sənədləri əsasında təsdiq edilmiş formalar üzrə məlumatlar hazırlanıb. Rayon üzrə 7 siyahıyaalma, 65 təlimatçı-nəzarətçi və 327 sayıcı məntəqəsi yaradılıb. Siyahıyaalma məntəqələrinin işinə mülki-hüquqi müqavilələr əsasında işçilər cəlb edilib. Siyahıyaalmaya cəlb edilmiş təlimatçı-nəzarətçilərin təlimatlandırılması məqsədilə sentyabrın 2-dən 6-dək Statistika İdarəsində seminar-müşavirə keçiriləcək. Sayıcılar isə sentyabrın 23-dən 26-dək seminarlara cəlb ediləcək.

İdarə rəisinin sözlərinə görə, siyahıyaalmanın keyfiyyətlə keçirilməsini təmin etmək üçün əsas işlərdən biri də əhalinin maarifləndirilməsi və sorğularda fəal iştirak etməsidir. Şəhər, qəsəbə və kənd icra nümayəndələri, bələdiyyələr, müəssisə və təşkilatlar bu sahədə məsuliyyətli olmalı, fəaliyyət göstərdikləri ərazilərdə, iş yerlərində geniş təşviqat işi aparmalı, siyahıyaalmanın tam keçirilib başa çatdırılmasına yaxından kömək göstərməlidilər.

Əhalinin siyahıyaalınmasının əhəmiyyətini qeyd edən Fərhad Xəlilov bildirib ki, onun nəticələri ölkəmizin dövlət orqanları üçün məlumat mənbəyi olmaqla yanaşı, növbəti 10 il ərzində sosial-iqtisadi proqnozların verilməsi üçün də baza rolunu oynayacaq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176