Kəngərli rayonunda ailə təsərrüfatlarının sayı 69-a çatıbbackend

Kəngərli rayonunda ailə təsərrüfatlarının sayı 69-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Kəngərli rayonunun Yurdçu kəndində rayonda fəaliyyət göstərən ailə təsərrüfatı sahiblərinin iştirakı ilə keçirilən seminar-müşavirədə danışılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti aparatının şöbə müdiri Mahir İsmayılov çıxış edərək, ailə təsərrüfatlarının inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Bildirilib ki, Kəngərli rayonunda da ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Rayonda belə təsərrüfatlara, eləcə də aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatı üzvləri kənd təsərrüfatının bütün sahələrində yaxından iştirak edirlər.

“2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması dövlətin bu sahəyə göstərdiyi qayğının bariz təcəssümüdür. Keçirilən festivallarda rayonun ailə təsərrüfatları tərəfindən istehsal edilən məhsullar yüksək səviyyədə nümayiş olunur”, – deyən Mahir İsmayılov vurğulayıb ki, ötən il “Ailə təsərrüfatı məhsulları” festivalına rayonun 42 ailə təsərrüfatı sahibinin iştirakı ilə 156 növdə 4 minə yaxın qablaşdırılmış məhsul çıxarılıb.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları çıxış ediblər.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

İnterpress.az