“Dövlət tələbələrin yataqxana problemini təcili həll etməlidir” – Taleh Şahsuvarlıbackend

“Dövlət tələbələrin yataqxana problemini təcili həll etməlidir” – Taleh Şahsuvarlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri İnterpress.az xəbər saytının baş redaktoru Taleh Şahsuvarlı özünün “Facebook” sosial şəbəkəsindəki profilində yazıb. Onun qaldırdığı məsələnin aktuallığını nəzərə alaraq, paylaşdığı statusu olduğu kimi təqdim edirik:

“Sovet dövründə bu məsələ xeyli dərəcədə həll olunmuşdu, ali məktəblər və hətta texnikumlar ev ehtiyacı olan tələbələrini yataqxanalara yerləşdirirdi. Sonra SSRİ dağıldı, ölkəmiz müstəqil oldu, Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində məcburi köçkünlər yataqxanalarda məskunlaşdı. Artıq neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlər evlə təmin olunur və nəticədə vaxtı ilə universitet, institut və texnikumların balansında olmuş yataqxanalar boşalıb. Onların yerində və yaxud ali məktəblərə yaxın başqa ərazilərdə yeni tələbə şəhərcikləri salmaq olar.

Fikrimcə, dövlət və ali məktəblər artıq ehtiyacı olan tələbələri yataqxanalarla təmin etmək üçün ciddi layihələr icra etməlidirlər. Bildiyim qədər bu yöndə müəyyən addımlar atılıb. Amma fakt budur ki, hazırda Bakıda qalacaq yeri olmayan tələbələrin böyük əksəriyyəti kirayədə qalmağa məcburdurlar və bu məcburiyyət onların ailə büdcəsinə ciddi zərbə vurur. Aşağı və orta gəlirli ailələr bilmir övladlarının ərzağına, geyiminə, dərs vəsaitlərinə, nəqliyyat və digər gündəlik xərclərinə pul çatdırsınlar, yoxsa kirayə pulu dərdi çəksinlər.

İctimai fəallarımız da qəribədir, bu qədər ciddi məsələni, yüzminlərlə tələbənin güzəranına, gələcəyinə təsir edən bir məsələni kənarda qoyub, Məmməd Əmin Rəsulzadənin heykəli məsələsini müzakirə edirlər. Mən Məmməd Əmin Rəsulzadəyə heykəl qoyulmasının əleyhinə deyiləm, təbii. Nəinki onun, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin bütün üzvlərinin adının əbədiləşdirilməsinin tərəfdarıyam. Ancaq adım kimi əminəm ki, Məmməd Əmin Rəsulzadəyə \”sənə BDU-nun qarşısında heykəl qoyaq, yoxsa BDU-nun tələbələrinə yataqxana tikək\” sualı verilsəydi, o, tərəddüd etmədən gələcək ziyalı kontingentinin maraqlarına üstünlük verərdi.

Bu misalı çəkməklə onu vurğulamaq istəyirəm ki, tələbə yataqxanalarının inşası tərəqqi və inkişaf üçün ən önəmli sosial layihələrdəndir. Elə bu səbəbdən də təhsil nazirinə, rektorlara və millət vəkillərinə müraciət edir, təxirəsalınmaz şəkildə bu məsələ ilə bağlı dövlət başçımıza təkliflər hazırlayıb vermələrini xahiş edirəm.

İnterpress.az