Kişinin çörəyi dizinin üstə olmaz – Rüstəmxanlıdan Çöhrəqanlıya yaylım atəşibackend

Kişinin çörəyi dizinin üstə olmaz – Rüstəmxanlıdan Çöhrəqanlıya yaylım atəşi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BUNU YAZMAQ İSTƏMƏZDİM…

Köhnə dostum Mahmudəli Çöhrəqanlı Qurban Məmmədovun proqramında məni Heydərizmə işləməkdə və müxalifətçilikdən uzaqlaşmaqda ittiham etdi.

Bu, öyrəşdiyimiz sözlərdir, bizdə uzun illər davam edən və ən dəbdə olan qarayaxma üsulu budur: əldə əsas oldu- olmadı, təmkinli danışanları KQB agenti, ya iqtidarın adamı, sərt danışanları da xaricə satılmış adlandırırlar.

Bunun da çürük təfəkkürdən başqa bir adı yoxdur. İnana bilməzdim ki, Çöhrəqanlı da həmin səviyyəyə düşə bilər və onun da dilindən həqiqətə daban-dabana zidd olan belə mənasız və ümumi mənafelərimizə zidd, birliyimizi pozan və nəticə etibarı ilə fars- erməni irticasına xidmət edən ittihamlar səslənə bilər…

Bu anlamda onun böhtanları məni çox təəccübləndirdi…Bir daha əmin oldum ki, mənim çörəyimin duzu yoxdur. Ona da əmin oldum ki, sayca bizdən çox olmalarına və möhtəşəm tarixlərinə baxmayaraq Güneyli qardaşlarımızın ən xırda milli haqlardan məhrum olmalarının bir günahı da onların özlərindədir. ( Bunu illər uzunu apardığım müşahidə əsasında deyirəm).

Çöhrəqanlının Quzey Azərbaycanla və millətimizin taleyi ilə bağlı arzu və istəklərini təbii qəbul etsəm də onun yaşına- başına yaraşmayan söyüş üslubu qəbul edilən deyil. Çünki ondan soruşarlar ki, sən Güney Azərbaycanımız üçün nə etmisən ki, məni, Quzey Azərbaycanda xalq üçün çalışmamaqda ittiham edirsən?

Mən sənin kimi irticadan qorxub xaricə qaçmamışam, 1988 – ci ildən mübarizə meydanındayam və bütün başqa ədəbi, ictimai- siyasi fəaliyyətimi bir kənara qoyub təkcə ölkəmin Müstəqillik aktına qəl çəkdiyimi xatırlatsam bu, sənin mənə dil uzatmagınının nə qədər gülünc bir iş oldugunu sübut etməyə yetər…

İşin bir insanı tərəfi də var. Çöhrəqanlının Azəbaycan ziyalılarından, müxalifətindən məhz məni hədəf seçməsini səbəbini yaxşı bilirəm və təəssüf ki, bir çox hallarda olduğu kimi indi də öz ağlıyla danışmır, onu mənə qarşı itələyən qüvvələr var.

Lakin bütün hallarda o, məni qaralamazdan öncə heç olmazsa mənimlə görüşmək üçün Təbrizdən Şərəfxanaya iki gün dalbadal üç nəfərlik bir heyət göndərdiyini, mənimlə görüşərkən hansı mədhiyyələr söylədiyini, Bakıya gələndən sonra onun üçün nə qədər əziyyət çəkdiyimi, mənim zəngim və xahişimlə Türk Dünyası Araşdırmalar Vaqfının Genəl Başqanı rəhmətlik Turan Yazqanın və general Vəli Küçüyün Türkiyədə onun üçün çəkdikləri əziyyətləri, İstanbul ətrafında onun şərəfinə hansı səviyyədə ziyafətlər verildiyini, Vaşinqtonda cənublu yoldaşlarımın etirazına baxmayaraq onu axtarıb tapdığımı, onu DAK-ın Ukrayna qurultayına dəvət edib Məclis sədri seçdirməyimi və nəhayət,Bakı aeroportunda onun Azərbaycana buraxması üçün saatlarla müxtəlif rəsmilərimizlə danışıb keçirdiyim həyəcanları da yada salaydı.

Hansı cəbhədə dayanmağından asılı olmayaraq bizdə bir kişilik anlayışı da var, kəsilən çörəyi itirmir, “kişinin çörəyi dizinin üstə olmaz” deyirlər. Bu mənada hətta söydüyün insandan da öyrənməli bir şey varsa, öyrənməlisən. Heydər Əliyev çörək kəsdiyi, yaxşılığını gördüyü və ya bir yolda oldugu adamı yaddan çıxarmaz və dedi-qoduya uyub fikrini dəyişməzdi.