Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Karateçilərimiz Tokioda “Karate1 Premyer Liqa” turnirində uğurla çıxış ediblər

Karateçilərimiz Tokioda “Karate 1 Premyer Liqa” turnirini uğurla başa vurublar.

Dərc edilib: 8 sentyabr 2019 [21:42]
Baxış sayı: 4817

İnterpress.az xəbər verir ki, turnirin son günündə əvvəlcə Ayxan Mamayev (-84 kq) bürünc mükafat uğrunda görüşdə Qazaxıstan idmançısı İqor Çıxmaryova qalib gəlib.

Sonra Yaponiyada böyük populyarlığı ilə seçilən karateçimiz Rafael Ağayev (-75 kq) finalda yaponiyalı Ken Nişimura ilə qarşılaşıb. Gərgin keçən görüş heç-heçə başa çatsa da, hakimlərin qərarına əsasən, qələbə daha fəal olan yapon idmançıya verilib.

Digər finalda qadın yığmamızın lideri İrina Zaretskaya (-68 kq) fransalı Alizee Agye ilə qarşılaşıb. İ.Zaretskayanın tam üstünlüyü ilə keçən görüş onun qələbəsi ilə başa çatıb.

Sonra mükafatların təqdim olunması mərasimi təşkil edilib. Mükafatları idmançılara Yaponiyanın Təhsil, idman, mədəniyyət, elm və texnologiyalar naziri Masahiko Şibayama, Dünya Karate Federasiyasının və Milli Karate Federasiyalarının prezidentləri təqdim ediblər.

İdmançılarımızı dəstəkləmək üçün Nippon Budokan idman zalına gələn Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov milli komandanın heyəti ilə görüşərək qalibləri təbrik edib.

İdmançılarımızın çox uğurlu çıxış etdiklərini vurğulayan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov yarış barədə təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüb. Y.Bəşirov deyib ki, Tokio Premyer Liqa turniri həmişə öz yüksək səviyyəsi ilə seçilib: “Bildiyiniz kimi, gələn il ilk dəfə məhz bu zalda Olimpiya Oyunlarının karate yarışları təşkil ediləcək. Çalışırıq ki, imkan daxilində Olimpiya Oyunlarına daha çox lisenziya qazanaq. Bu turnirdə qazanılan üç medalı çox gözəl nəticə hesab edirəm. Xüsusən Rəfael Ağayevin çıxışını çox uğurlu hesab edirəm. Görüş heç-heçə qurtarsa da hakimlərin qələbəni yapon idmançıya verməsinə baxmayaraq, düşünürəm ki, bu idmançımız gələn il daha uğurlu nəticələrə nail olacaq. Bizim idmançılar daha böyük uğurlara hazırdırlar. Məsələn R.Ağayev 5 qat dünya çempionudur, İrina özü də dünya çempionudur. Yalnız onlar deyil, eyni zamanda, Ayxan da, Asiman da, katada çıxış edən Roman da daha böyük nəticələr qazana bilərlər. Azərbaycan milli karate komandası güclüdür, kifayət qədər lisenziya qazanıb Olimpiya Oyunlarında yüksək nəticələrə nail olacağıq. Buna bizim qüdrətimiz də, gücümüz də var. Ən böyük arzumuz dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğını doğruldaraq, bütün yarışlarda bayrağımızı qaldırmaq və dövlət himnimizi səsləndirməkdir”.

Turnirin qızıl medalını qazanan İrina Zaretskaya isə bildirib ki, bu turnirdə finala çıxaraq qızıl medal qazanmağı onu çox sevindirir. “Xüsusən nəzərə alsaq ki, qarşıdan Olimpiya Oyunları gəlir və bu qələbə məni həmin yarışlara lisenziya almağa yaxınlaşdırır, onda bu qələbənin nə qədər sevindirici olduğunu başa düşmək olar. Ümid edirəm ki, gələn il bu qələbəni bir daha təkrar edə biləcəyəm”, -deyə o bildirib.

Turniri gümüş medalla yekunlaşdıran Rafael Ağayev bildirib ki, qarşıda Olimpiya Oyunlarına çox az vaxt qaldığını nəzərə alsaq bugünkü nəticəni uğurlu hesab edir: “Bu nəticə məni olimpiya lisenziyasını qazanmağa çox yaxınlaşdırdı. Eyni zamanda, bu nəticə mənim dünya reytinqində üçüncü yerdən ikinci yerə adlamağıma təkan verdi. Qarşıdan Rusiyada keçiriləcək Premyer Liqa turniri gəlir və əminəm ki, biz orada da öz sözümüzü deyəcəyik. Qazandığımız nəticələrə görə bütün əziyyəti olanlara minnətdarlığımı bildirirəm. Bu zal mənə çox doğmadır. Belə ki, ikinci və üçüncü dəfə dünya çempionu adını məhz bu zalda qazanmışam. İnanıram ki, gələn il də pərəstişkarlarımı sevindirməyə nail olacağam”.

Turnirin bürünc mükafatına layiq görülən Ayxan Mamayev isə deyib ki, bu medalı çoxdan gözləyirdi.

“Artıq bir ilyarım idi ki, böyük yarışlarda mükafat əldə edə bilmirdim. Düşünürəm ki, bu yaxşı başlanğıcdır. Turnirə gəlincə isə deyə bilərəm ki, rəqiblərim heç də zəif deyildilər. Xüsusən yarımfinalda qarşılaşdığım yapon idmançı köhnə rəqib idi və cəmi bir xal fərqi ilə məni endi. Buna baxmayaraq, inanıram ki, növbəti yarışlarda daha böyük uğurlar qazana bilərəm və bu gün qazandığım gümüş medal tezliklə qızıl ilə əvəzlənər”, -deyə Ayxan Mamayev söyləyib.

Xatırladaq ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi gələn il Yay Olimpiya Oyunları zamanı karate yarışlarının keçiriləcəyi Nippon Budokan idman zalında təşkil olunub. Yarışa 79 ölkədən 649 karateçi qatılıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179