Moskva “B planı”nı işə saldı – Paşinyan üçün son döyüşbackend

Moskva “B planı”nı işə saldı – Paşinyan üçün son döyüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah – sentyabrın 12-də Ermənistanın sabiq prezidenti, baş naziri Nikol Paşinyanın iradəsi ilə həbsdə yatan Robert Köçəryan ikinci dəfə azadlığa çıxa bilər. Bunu mümkün edən səbəb ölkənin Konstitusiya Məhkəməsinin (KS) sentyabrın 4-də çıxartdığı qərardır. Xəbər verildiyi kimi, həmin gün KS Köçəryana qarşı tətbiq olunan maddələrin konstitusiyaya uyğun olub-olmadığını müzakirə edib və 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu da o anlama gəlir ki, R.Köçəryanın şəxsi azadlıq hüququ pozulmuş sayılır.

Sabiq prezidentin vəkili Aram Varevanyan o vaxt bəyan etmişdi ki, müdafiə tərəfi öz gələcək hərəkətlərini və planlarını məhkəmə qərarı onlara təqdim ediləndən sonra müəyyənləşdirəcək və həyata keçirəcək. Artıq iki gündür Köçəryan tərəfdarları eks-prezidentin azadlığa buraxılması üçün İrəvanda kütləvi etiraz aksiyası keçirirlər. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, aksiyalar paytaxtdakı ilkin məhkəmə instansiyasının binası önündə keçirilir. KS-nin qərarından sonra həbs-qətimkan tədbirini məhz bu instansiya dəyişə bilər.

*****

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti 2018-ci ilin 26 iyulunda Köçəryana qarşı 10 dinc nümayişçinin qətli ilə yekunlaşan 1 mart 2008-ci il qanlı hadisələri ilə bağlı ittiham irəli sürüb (o vaxt o, prezident postunu tuturdu). Eks-prezident konstitusiya quruluşunu devirməkdə, həmçinin xüsusilə böyük məbləğlərdə rüşvət almaqda suçlanır. Keçən il Köçəryan 2 dəfə həbs olunub. 2019-cu il iyunun sonunda o, təkrarən saxlanılıb.

Onu da qeyd edək ki, 1 mart etirazları zamanı həbsə salınanlar arasında indiki baş nazir Nikol Paşinyan da olub. Bu mənada Köçəryanın içəridə saxlanılması yalnızca köhnə rejimin əsas dayaqlarını sarsıtmaq və onunla haqq-hesab çəkmək məqsədi güdmür, həm də prinsipial önəm kəsb edir. Məsələnin başqa bir həssas tərəfi isə Xocalı hərbi canilərindən olan Robert Köçəryanın Rusiya lideri Vladimir Putinin şəxsi dostu olması ilə bağlıdır. Təkcə o fakt ki, Paşinyanı baş nazir seçilməsi ilə bağlı təbrik etməyən Putin həbsdə ikən Köçəryanı iki dəfə ad günü münasibətilə təbrik edib, özlüyündə çox şey deyir və Kreml rəhbərinin simpatiyasının kimin tərəfində olduğunu aydın göstərir.

Belə bir qənaət də var ki, Rusiya Putinin gələn aya nəzərdə tutulan Ermənistan səfərinə kimi öz sadiq dostunun azadlığa çıxmasına çalışır. Ermənistanın məhkəmə sistemində Sərkisyan-Köçəryan rejiminin adamlarının güclü olması nəzərə alınarsa, bu, yetərincə real görünür.

Bəs Köçəryanın təzədən azadlığa çıxması Paşinyan və komandası üçün hansı təhlükələr vəd edir?

Levon Ter-Petrosyanın rəhbəri olduğu Ermənistan Mili Konqresinin İdarə Heyətinin üzvü Vardan Malxasyan hesab edir ki, Köçəryan ruslar üçün heç bir dəyər daşımır, sadəcə, onlar Paşinyanın reytinqini aşağı salmaq istəyirlər. “Həqiqətən də əgər Köçəryan azadlığa çıxsa, Nikolun reytinqi düşəcək, çünki xalq uzun müddət düşünmür. Düşünür ki, Nikol onu yerində oturtmaq qədər güclü deyil. Ruslar məhz bunun üzərində oynayır və bacardıqca tez bir zamanda Paşinyanın reytinqinin enməsini istəyirlər. Nə qədər ki, minalanmış sahələr təmizlənməyib, onlar vaxtaşırı partlayacaq”, – deyə o qeyd edib.

*****

Putinin sadiq adamı olan Köçəryan Moskvaya heç şübhəsiz, ən əvvəl Qarabağ klanının ən odioz fiquru və separatçı rejim ərazisində Paşinyan tərəfdarlarının “hakimiyyəti” götürməsinə ciddi əngəl yarada bilən fiqur olaraq lazımdır. Çünki artıq aydındır ki, Kreml Paşinyanla uzun müddətə işləmək fikrində deyil və separatçı rejimi və Qarabağ klanını sonuncuya qarşı ən güclü təzyiq vasitəsi qismində görür – hərçənd bunun Azərbaycana elə bir isti-soyuqluğu yoxdur. Bizim üçün əsas olan torpaqlarımızın tezliklə işğaldan azad olunmasıdır – ya sülh, ya da hərbi yolla.

Moskvanın “B planı”ndan (Paşinyandan xilas planından) təbii ki, erməni baş naziri də məlumatlıdır. Görünür, bu səbəbə keçən həftə o, qatı anti-Rusiya mövqeyi ilə seçilən və Ermənistandakı Rusiya hərbi bazalarının bağlanmasını tələb edən radikal “Sasna Tsrer” partiyasının rəhbəri Jirayr Səfilyan və qurumun digər aparıcı üzvləri ilə görüş keçirib. Görüşdə nələrin müzakirə edildiyi barədə rəsmi bilgi verilməyib. Yalnız fakt rəsmən təsdiqlənib.

Livan “təcrübəsi”nə malik peşəkar terrorçu Səfilyan isə görüşlə bağlı verdiyi açıqlama ilə əslində hər şeyin üstünü açıb: “Kremlin Paşinyandan bacardıqca tez qurtulmaq barədə qərarı var”, – deyə o qeyd edib. Yəni Moskvaya qarşı konturhazırlıq məsələsi.

Əlavə edək ki, Səfilyan və tərəfdarları 3 ilk öncə İrəvanda polis idarəsini ələ keçirərək bir polis zabitini qətlə yetirməyə görə həbsə alınmışdılar. Nikol Paşinyan isə hakimiyyətə gələn kimi onları azad etdirdi, üstəgəl, bu terrorçu qruplaşma eyni adda partiya yaradaraq, ötən ilin dekabrında parlament seçkilərinə qatıldı.

*****
Rəsmi Moskva Paşinyan hökumətinə həmçinin Rusiya daxilində çalışan erməni əmək miqrantlarına problemlər yaratmaqla da təzyiq edir. Bu problemlərdən biri Ermənistanın verdiyi sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmaması ilə bağlıdır. Problemin həlli üçün Moskva tək şərt kimi rus dilinin Ermənistanda ikinci dövlət kimi tanınmasını qoyur – digər Avrasiya Birliyi ölkələrindəki (Belarus, Qazaxıstan, Tacikistan) kimi. İrəvan isə qəti olaraq buna qarşıdır. Üstəgəl, Paşinyanın dönəmində Ermənistanda rus dili sıxışdırılmağa başlayıb, rusca təhsil məhdudlaşıdırıb, İrəvanda Rus Dram Teatrı bağlanıb. Yeni təhsil naziri, ümumiyyətlə, ermənicə olmayan yazışmaları qanunsuz elan edib və s.

“Ermənistan Rusiyada erməni sürücülük vəsiqələri ilə bağlı problemin həllinə ümid edir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu parlamentin dünənki iclasında işğalçı ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib. “Dünən (srağagün-red.) Moskvada Avrasiya İqtisadi Birliyi Şurasının iqtisadi komissiyasının iclası olub və orada bu məsələ müzakirə olunub. Bu yöndə işlər davam edir və biz ümid edirik ki, nəticəyə nail ola biləcəyik”, – deyə o əlavə edib.

Ancaq bu gözləntilər Ermənistana ucuz Rusiya qazının alınması üçün neçə vaxtdır aparılan səmərəsiz danışıqlar kimi əbəsdir. Çünki əksər siyasi şərhçilərə görə, Moskva artıq Paşinyandan qurtulmaq üçün düyməyə basıb. Bu, erməni baş nazir üçün son döyüş olacaq…