Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslər məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Dərc edilib: 20 sentyabr 2019 [16:46]
Baxış sayı: 3559

İnterpress.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Sahil İbrahimov ifadə verib. O bildirib ki, qardaşı Samir Suriyaya gedib-gəlib: "Oradan zəng edirdi ki, alacaqları var, onu götürüm. Həmin pulları gətirib verirdilər. Mən də həmin pulları başqa şəxslərə verirdim”.

Suallara cavab verən Samir İbrahimov qardaşının pulları haradan almasına belə aydınlıq gətirib: "Qardaşımın Qaraçuxurda mağazası var idi. Sonra maşınını da satdı. Nisyə mal verdiyi adamlar çox idi. Onlar pulu mənə verirdi".

Daha sonra təqsirləndirilən Namiq Məmmədov ifadə verib. O, bir neçə nəfərdən pul aldığını, ayrı-ayrı şəxslərə verdiyini deyib: “Məndən xahiş ediblər, götürüb başqa adamlara çatdırmışam. Moskvadan və başqa ölkələrdən gələn pullar da sədəqə olub. Bakıda ehtiyacı olan ailələrə vermişəm".

Hakim digər təqsirləndirilən İlqar Ağayevə ifadə verməyi təklif edib. Lakin əvvəlki proseslərdə də olduğu kimi bu dəfə də o ifadə verməkdən imtina edib. Onun istintaqa verdiyi ifadə elan edilib.

İlqar Ağayev ifadəsində Suriyaya pul göndərdiklərini, həmin məbləği ayrı-ayrı şəxslərdən aldıqlarını deyib.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib.

Bildirilir ki, 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər.

İttihamda göstərilib ki, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub. 2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İ.Ağayev də bu vəsaitləri toplanan başqa pulların üstünə qoyaraq, Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda isə 75 min dollar pul göndəriblər.

Adları çəkilən üç nəfərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. İlqar Ağayevə isə bundan əlavə Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq, qaz silahı, soyuq silahəldə etmə, gəzdirmə və ya satma) maddəsilə də ittiham verilib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190