Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fizuli Məmmədov: “Vətənpərvərlik hər bir azərbaycanlı üçün həyatın mənasına çevrilməlidir”

Fizuli Məmmədov müsahibə verib

Dərc edilib: 30 sentyabr 2019 [16:34]
Baxış sayı: 10596

Azərbaycan diasporunun lideri, ictimai xadim, siyasətçi, xeyriyyəçi, "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti Fizuli Məmmədovla müsahibəni sizə təqdim edirik:


- Hörmətli Fizuli müəllim, son zamanlar müxtəlif ölkələrdə, o cümlədən, Rusiyada həmvətənlərimizlə əlaqədar baş verənlər göstərdi ki, baxmayaraq ki, diasporumuzun sayı milyonlarla ölçülür, yəhudi, Ukrayna və italyan diasporu kimi güclü nüfuza malik deyil. Niyə bəzi ölkələrdə Azərbaycan icması ümumiyyətlə, heç bir təsirə malik deyil?

- İstənilən diasporun nüfuzu onun sayı ilə deyil, mütəşəkkilliyi və birliyi ilə ölçülür. Dağınıq diaspor sadəcə insan kütləsidir ki, bu kütlədə hər kəs öz şəxsi maraqları və şəxsi rifahı barədə düşünür. Diasporun birliyi üçün onu başlıca milli məfkurələrin ətrafında birləşdirmək lazımdır. Yəhudi, Ukrayna və italyan diasporunun güclü nüfuzunun sirri ondadır ki, onlar məhz öz xalqlarına və tarixi vətənlərinə dəstək ideyası ətrafında birləşiblər. Nə vaxta qədər ki, hər bir həmvətənimiz ümummilli maraqları öz şəxsi maraqlarından yüksəkdə tutmayacaq, biz heç bir zaman bir yumruq kimi birləşə bilməyəcəyik.

Mən artıq 30 ildən çoxdur, təkrar edirəm ki, istənilən diasporun gücü və nüfuzu onun təşkilatlanmasında və birləşməsində gizlənir. Buna görə də 1988-ci ildə Rusiyada həmvətənlərimizin ilk ictimai təşkilatını – “Azərbaycan Birliyi’’ni («Единство Азербайджана») yaradanda, əsas vurğunu məhz birliyə yönəltmişdik, hətta birlik məsələsini onun adında əks etdirmişdik. O zamandan bəri Rusiyadakı azərbaycanlıların sayı bir neçə on min insandan 2,5 milyon nəfərə çatıb. Lakin təəssüf ki, diasporumuzun sayı artsa da, bu, onun nüfuzunun artmasına gətirib çıxarmayıb.

- Bizim diasporumuzun belə zəifliyinin və qeyri-mütəşəkkilliyinin səbəbi nədir?

- Problem ondadır ki, bizim bir sıra həmvətənlərimiz artıq mövcud olan vahid ümummilli diaspor təşkilatının ətrafında birləşmək yerinə, öz strukturlarını yaradır və onun ətrafına dostlarını və tanışlarını toplayırlar. Nəticədə isə belə təşkilatlar diasporumuzu nəinki birləşdirmir, hətta daha da çox parçalayır. Bu gün təkcə Rusiyada onlarla yox, yüzlərlə azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. 2017-ci ilin mayında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova RF Ali Məhkəməsi tərəfindən “Ümumrusiya Azərbaycanlıları Konqresi’’nin ləğvi qərarına şərh verərkən bəyan etmişdi ki, Rusiyada azərbaycanlı vətəndaşların maraqlarını təxminən 260 təşkilat müdafiə edir, o cümlədən, federal səviyyədə’’. O zaman o, Azərbaycan diasporunun bir neçə başlıca ictimai təşkilatının, o cümlədən də bizim "Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun’’ adını çəkmişdi. Ancaq çətin ki, elə bir azərbaycanlı tapılsın ki, xüsusi hazırlaşmadan o 260 təşkilatdan heç olmasa, 10 dənəsənin adını çəkə bilsin.

Buna görə də artıq 30 ildir, təklif edirəm ki, bir böyük və nüfuzlu təşkilatın ətrafında birləşmək lazımdır, kiçik təşkilatlara parçalanmaq yox... Düşünürəm ki, ətrafında birləşməli olduğumuz belə təşkilatlar ‘’Dünya Azərbaycanlıları İttifaqı’’(DAİ) və onun əsas strukturu olan ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’ (ÜAMF) ola bilər. Bu təşkilatlar artıq 15 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir və onun qapıları bütün həmvətənlərimizin və bütün diaspor təşkilatlarmızın üzünə açıqdır. Mövcud olduğu uzun illər ərzində DAİ və ÜAMF özünü kifayət qədər yaxşı doğruldub və zamanın sınağından çıxıb.

Söhbətimizin əvvəlində adını çəkdiyiniz yəhudi, Ukrayna və italyan diasporlarının təcrübəsi də göstərir ki, bizim diasporumuz da məhz bir-iki böyük və nüfuzlu təşkilatın ətrafında birləşməlidir. Artıq bu il bizim diasporumuz mövcud olan böyük təşkilatlardan birini seçməli, onun ətrafında birləşməli və kiçik strukturlara parçalanmamalıdır. Onlara nəzarət etmək və birləşdirmək demək olar ki, imkansızdır. Bu səbəbdən də kiçik təşkilatlar mövcudluğuna son qoymalı, onların üzvləri isə böyük diaspor strukturu ətrafında birləşməlidirlər. Hesab edirəm ki, bizim bütün diasporumuz vahid mərkəzdən idarə olunmalıdır.

Fizuli Məmmədov: “Vətənpərvərlik hər bir azərbaycanlı üçün həyatın mənasına çevrilməlidir”



- Diasporumuzun birləşdirilməsi üçün hər hansısa bir tədbirin keçirilməsi planlaşdırılırmı?

- Bəli, əlbəttə. Mən fikirləşirəm ki, biz artıq daşı-daş üstünə qoymağa başlamalıyıq, bütün diasporumuzu kiçik və qeyri-effektiv təşkilatlardan vahid təşkilata çevirməliyik. Bununla əlaqədar olaraq 25-27 may tarixlərində bütün keçmiş sovet respublikalarındakı azərbaycanlı icmalarının, ictimai təşkilatlarının nüməyəndələri ilə birlikdə böyük forum keçirməyi planlaşdırırıq. Biz bu foruma müxtəlif ölkələrdən 500-ə yaxın diaspor nümayəndələrimizi dəvət edəcəyik.

- Fizuli müəllim, Siz əminsiniz ki, bizim həmvətənlərimiz bir vahid böyük ictimai təşkilatın ətrafında birləşə biləcəklər? Axı onlar heç Rusiyada tanınmış və azərbaycanlıların ən böyük ictimai təşkilatı olan ‘’Ümumrusiya Azərbaycanlıları Konqresi’’ ni qoruya bilmədilər...

- ÜAK-ın ləğv olunması Azərbaycan diasporunun tarixində “qara səhifə”dir. Bu təşkilatın yaranması həmvətənlərimizin birləşməsi üçün yaxşı şans idi. Lakin diasporumuz bu şansdan istifadə edə bilmədi və bu nəhəng təşkilatı qoruyub, saxlaya bilmədi. Axı ÜAK 2001-ci ilin martında bu təşkilatın təsis qurultayında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin şəxsən iştirakı ilə yaradılmışdı. Onu çox güclü və nüfuzlu diaspor təşkilatına çevirmək lazım idi.

Lakin çox yaxşı başlanğıc imkanlarına baxmayaraq, ÜAK effektiv işləmədi və demək olar ki, xalqımız üçün faydalı heç nə etmədi. Azərbaycan diasporunun bir çox digər ictimai təşkilatları kimi, ÜAK da intriqaların qurbanı oldu. "Qara qüvvələr’’ bu təşkilata daxil oldu və həmvətənlərimizi ordan uzaqlaşdırdı. Nəticədə ÜAK rəhbərləri ilə diasporumuz arasında uçurum yarandı ki, bu uçurum da həmin təşkilatın taleyini həll etdi. Bu nəhəng təşkilatın necə dağıldığını görmək mənə olduqca ağır oldu. Sosial şəbəkələrdə hətta azərbaycanlılar var idi ki, ÜAK-ın bağlanmasına sevinirdilər. Diasporumuzun yeni böyük təşkilatı ÜAK-ın səhvlərini və acı taleyini təkrar etməməlidir.

Problem ondadır ki, bizim bir sıra həmvətənlərimiz artıq mövcud olan vahid ümummilli diaspor təşkilatının ətrafında birləşmək yerinə, öz strukturlarını yaradır və onun ətrafına dostlarını və tanışlarını toplayırlar. Nəticədə isə belə təşkilatlar diasporumuzu nəinki birləşdirmir, hətta daha da çox parçalayır.


- Fizuli müəllim, Sizin fikrinizcə, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov diasporumuzu birləşdirməyi bacaracaqmı?

- Mən buna zərrə qədər də şübhə etmirəm. Fuad Muradov Diasporla iş üzrə Dövlət Komitəsinə sədr təyin olunduqdan sonra 1 il ərzində çox böyük işlər görüb. Demək olar ki, böyük azərbaycanlı icmalarının olduğu bütün ölkələri gəzib və diaspor nümayəndələri ilə çoxlu görüşlər keçirib. Fuad müəllim artıq diasporumuzun birləşməsinə kömək edəcək bir sıra təşkilati tədbirlər də həyata keçirib. O, əksər həmvətənlərimizdə çox xoş təəssürat yaradıb. Fuad Muradova diaspor içərisində böyük etibar var və əksəriyyət ona böyük ümidlər bəsləyir. Əminəm ki, Fuad müəllimin başladığı bir çox işlər uğurla nəticələnəcək və bütün dünyadakı diasporumuzu bir yumurq kimi birləşdirmək ona müəssər olacaq. Biz isə öz tərəfimizdən bu istiqamətdə ona bütün lazımi köməkliyi göstərəcəyik.

- Bizim başlıca milli bayramımız olan Novruz yaxınlaşır. Novruz Bayramını harda qeyd etməyə hazırlaşırsınız?

- 15-21 mart tarixlərində Bakıda olacağam. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və iştirakçıları üçün bayram tədbiri təşkil etməyi planlaşdırırıq. Bizim üçün həmişə öncə Vətən, sonra digər işlərdir. Niyyətim var ki, Novruz Bayramı ərəfəsində şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına daha 3 mənzil hədiyyə edim. Ümumiyyətlə, bu il ərzində onlara 5 mənzil hədiyyə etməyi planlaşdırırıq. Artıq, hər Novruz Bayramı öncəsində vətənimizin müdafiəçilərinə mənzillər hədiyyə etmək və onlara maddi yardım göstərmək bizim üçün bir ənənəyə çevrilib. Ötən il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 12 mənzil hədiyyə etdik. Ümid edirəm ki, DAİ və ÜAMF gələcəkdə də bu ənənəni davam etdirəcəkdir.

Fizuli Məmmədov: “Vətənpərvərlik hər bir azərbaycanlı üçün həyatın mənasına çevrilməlidir”

- Fizuli müəllim, yanvarın sonunda Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə şəxsən 11 min manatlıq maddi yardım ayırması davranışını dəstəkləyən çıxış etmişdiniz. Bununla bağlı nə deyə bilərsiniz?

- Prezidentimiz İlham Əliyev şəhid ailələri, Qarabağ müharibəsi veteranları, hərbi qulluqçuların ailələri üçün çox işlər görür. İqtisadiyyatın qeyri-neft sektorunun intensiv inkişafı üçün çox işlər görülür. Bunların sayəsində Azərbaycanda çox keyfiyyətli yollar salınıb, müasir qabaqcıl texnologiyalarla təchiz olunan çoxlu sayda sosial obyektlər yaradılıb. Bu gün beynəlxalq ekspertlər Azərbaycan yollarını MDB ölkələrində ən yaxşısı hesab edirlər, Heydər Əliyev adına Hava Limanı isə postsovet məkanında ən yaxşı, ən rahat və ən müasir hava limanı seçilib.

Lakin mən düşünürəm ki, əhalinin sosial problemlərini həll etmək, xüsusilə də şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına maddi yardım göstərmək üçün diasporun da pulunu cəlb etmək lazımdır. Bununla əlaqədar olaraq diasporumuzun bütün imkanlı iş adamlarını bu işə qoşulmağa çağırıram. Hesab edirəm ki, bizim hər birimiz öz rayonumuzda, şəhərimizdə və kəndimizdə şəhid ailələrini və Qarabağ müharibəsi veteranlarını tapmalı və onlara lazımi köməkliyi göstərməliyik. Belə olan halda 1 il ərzində şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının bütün problemlərini bütünlüklə həll edə bilərik. Yeri gəlmişkən, həmin yəhudi və italyan diasporu öz ölkələrinə belə kömək edirlər.

Kiçik diaspor təşkilatları öz mövcudluqlarına son qoymalı, onların üzvləri isə böyük diaspor strukturu ətrafında birləşməlidirlər. Hesab edirəm ki, bizim bütün diasporumuz vahid mərkəzdən idarə olunmalıdır.


- Bir müddət öncə həmvətənlərimiz Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının başçısı Ağadadaş Kərimovu və Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının prezidenti (FNKA AzerRos) Mehriban Sadıqovanı tənqid atəşinə tutmuşdular. Onları qeyri-vətənpərvərlikdə günahlandırırlar. FNKA AzerRos ətrafında nə baş verir?

- Diasporumuzun rəhbərlərinin vətənpərvərliyi haqqında məsələni mən çoxdan qaldırmışam. Hesab edirəm ki, diaspor təşkilatlarımıza cəmiyyətdə hörmətə malik olan, xalqını və ölkəsini sevən azərbaycanlılar rəhbərlik etməlidir. Onlar həmvətənlərimizin dəstəyindən istifadə etməlidirlər. Buna görə də diaspor strukturlarında köklü dəyişikliklər edilməlidir. Biz diasporumuzun taleyini illərlə xalqımıza və Azərbaycana sədaqətini sübut etmiş insanlara etibar etməliyik. Erməni separatçılarına rəğbət bəsləyən insanlar isə dərhal diaspor təşkilatlarımızı tərk etməlidirlər.

Hesab edirəm ki, FNKA AzerRosun yeni qurultayı çağırılmalı və xalqın hörmət etdiyi insanlardan bu təşkilata yeni rəhbərlər seçilməlidir. Ağadadaş Kərimov və Mehriban Sadıqova isə diaspordan uzaqlaşdırılmalıdır. Öz xalqına hörmətsizlik edən belə insanlara diasporda yer yoxdur.

- Fizuli müəllim, sevimli milli bayramımız olan Novruz ərəfəsində həmvətənlərimizə nə arzu edərdiniz?

- Mən bütün qəlbimlə, bütün dünya azərbaycanlılarını əsl xalq bayramı olan Novruz münasibətilə təbrik edirəm. Ənənəvi arzular olan möhkəm can sağlığı, uzun illər xoşbəxt və firavan həyat, möhkəm ailə səadəti və uğurlardan başqa, həm də bütün həmvətənlərimizə arzu etmək istəyirəm ki, doğma Azərbaycana ürəkdən aşiq olsunlar, xalqımıza sadiq qalsınlar və ona xidmət etsinlər. Arzu edirəm ki, Azərbaycan mümkün olan ən qısa zamanda öz ərazi bütövlüyünü bərpa etsin və öz vətəndaşlarının xoşbəxt həyatı üçün lazımi şərait yaratsın. Bütün dünyadakı Azərbaycan diasporuna isə arzu edirəm ki, birləşsinlər və doğma Azərbaycan üçün etibarlı dayağa çevrilsinlər. Bütün azərbaycanlıları Azərbaycanın müstəqilliyini qorumağa, onun zənginliyini artırmağa və təhlükəsizliyini möhkəmləndirməyə çağırırıam.

Bundan başqa, çox istəyirəm ki, vətənpərvərlik hər bir azərbaycanlının həyatının mənasına çevrilsin.

Söhbət etdi: Azər Muradbəyli
Бakı-Milan-Bakı






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208