Roberto Karlos: “Real Madrid”də səhər məşqinə heç kim gəlmirdi, masada həmişə iki şüşə şərab olurdu”backend

Roberto Karlos: “Real Madrid”də səhər məşqinə heç kim gəlmirdi, masada həmişə iki şüşə şərab olurdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 46 yaşlı veteran müdafiəçi “Canal 11”ə müsahibəsində Visente Del Boskenin futbolçular üçün məşqçidən çox, dost olduğunu bildirib: “Qaydalar lazım deyil. Oyunçular nə etməli olduqlarını özləri bilirlər. O, bunu çox gözəl anlayırdı. Bəzən bazar ertəsi və çərşənbə axşamları məşq saat 17:00-da başlayırdı. O, səhərə məşq təyin etmirdi. Başa düşürdü ki, demək olar heç kim gəlməyəcək”.

Karlosun sözlərinə görə, futbolçuların Xose Antonio Kamaço istisna olmaqla, bütün baş məşqçilərlə yaxşı münasibətləri olub: “Kamaço cəmi 10 gün baş məşqçi postunda duruş gətirə bildi. O, “Real Madrid”ə gələrkən, ciddi görkəm alaraq oyunçuları salamladı və dedi ki, hamını səhər saat 07:00-da məşqdə gözləyir. Adətən, bizdə səhər məşqi 10:30-da başlayırdı. Başa salmağa çalışdıq, amma onun öz ideyaları vardı”.

Məşhur sol cinah müdafiəçisi həmyerlisi Vanderley Luşemburqonun pivə və şərabı qadağan etməsinə də toxunub: “Luşemburqo ilə də eyni şey oldu. Bizdə ənənə vardı – şam yeməyində pivə və şərab götürə bilərdik. Masada həmişə 2 şüşə şərab olurdu. Ronaldo ilə mən ona başa salmağa çalışdıq ki, insanların adətlərini dəyişmək lazım deyil. O, əvvəlcə pivəni, sonra şərabı yığışdırdı. Nəticədə cəmi 3 ay baş məşqçi oldu”.

Qeyd edək ki, Roberto Karlos 1996 – 2007-ci illərdə “Real Madrid”də çıxı edib. O, son olaraq 2016-cı ildə Hindistanın “Delhi Daynamos” komandasının baş məşqçisi olub.