Dünya Bankı və IMF-in illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilibbackend

Dünya Bankı və IMF-in illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verrilən məlumata görə, toplantıda “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimat nümayiş olunub.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib. O ilk növbədə dövlət başçısının uğurlu siyasəti ilə ölkədə yaradılan monitorinq və qiymətləndirmə institutu, rəqəmsallaşması ilə bağlı xüsusi qeydləri iştirakçıların diqqətə çatdırıb. Həmçinin Vüsal Qasımlı qeyd edib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azranking.az portalı üzərindən dövlət-özəl dialoquna əsaslanan rəqəmsal platforma yaradılıb: “Bütövlükdə islahatların hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirməsi kimi mərhələlərinin tam rəqəmsallaşması islahatların kəsilməzliyini, dönməzliyini, inklüzivliyini və sistemliliyini təmin edir. Təsadüfi deyil ki, Doing Business hesabatında 25-ci yeri tutan Azərbaycan yenidən bu ilki hesabatda top 20 islahatçı ölkənin sırasında daxil edilib. Digər tərəfdən isə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan “Hökumətin dəyişikliyə reaksiyası” sub-indikatoru üzrə dünyanın 140 ölkəsi arasında 5-ci, “Hökumətin strateji baxışı” sub-indikatoru üzrə isə 10-cu yerdədir. Bu iki sub-indikator onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatlar kifayət qədər həm yerli, həm də qlobal çağırışları, perspektivləri, riskləri nəzərə alaraq sistemli şəkildə təkcə qısa, orta deyil, həm də uzun müddətli dönəmdə hazırlanaraq həyata keçirilir. Aparılan uğurlu islahatlar artıq öz nəticəsini verir və nəticə ondan ibarətdir ki, Azərbaycanın tədiyyə balansında, icmal balansında və hökumətin balansında müsbət saldolar yaranıb, inflyasiya 2,6 faiz təşkil edib, manatın sabitliyi təmin olunub. Azərbaycanın strateji valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 110 faizini təşkil etdiyi halda, xarici borcu onun 17 faizini təşkil edir”.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında bir ölkəyə həsr olunan ayrıca tədbirin keçirilməsi çox nadir hallarda olur. Azərbaycana dair belə bir tədbirin keçirilməsi isə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara dünya ictimaiyyətinin böyük diqqətinin göstəricisidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru həmçinin qeyd edir ki, ayrıca belə bir tədbirin təşkil olunması, həm də Azərbaycan təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsinə olan maraqla əlaqədardır. Çünki Azərbaycanda Prezident İlham Əliyevin müəyyən etdiyi islahat kursunun hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirməsi bütün dünya ölkələri tərəfində diqqətlə izlənilir, öyrənilir və nümunə götürülür. Həm də bu təcrübə bir sıra məsələlərin qlobal müzakirəsinin təşkilinə şərait yaradır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər nümayəndələrinin iştirakı ilə keçirilən müzakirədə qeyd olunub ki belə bir təqdimat həm də Azərbaycanda biznes mühitinin əlverişliliyini bir daha göstərməklə xarici investorların ölkəyə gəlişini daha da təşviq edir. Çünki Dünya Bankı və Beynəlxlaq Valyuta Fondunun bu qədər diqqət yetiridiyi bir ölkəni digər investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycan yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.

Qeyd edək ki, “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimatın keçirildiyi toplantıda Dünya Bankının icraçı direktoru Verner Qruber başda olmaqla, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qafqaz üzrə regional direktoru Jan Van Bilsen, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus, Dünya Bankının qlobal menecerləri, Beynəlxalq Valyuta Fondunun nümayəndələri, Dünya Bankının müxtəlif ofislərindən olan məsləhətçilər, bir sıra xarici ölkələrin səfirliklərinin və diplomatik korpusunun nümayəndələri, qlobal vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

Təqdimat zamanı iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və iqtisadi islahatlara həsr edilən bir sıra materiallar paylanılıb.