“BakuBuild 2019” sərgisi başlayıbbackend

“BakuBuild 2019” sərgisi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, oktyabrın 25-nə qədər davam edəcək sərgidə dünyanın 23 ölkəsindən 280 şirkət iştirak edir.

Sərginin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edib. O, bildirib ki, sərgini hər il olduğu kimi bu il də İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçim və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstəkləyir.

Nazir müavininin sözlərinə görə, son illər Azərbaycanda tikinti sənayesi sürətlə inkişaf edib, 2013-2018-ci illərdə ölkədə tikinti materiallarının istehsal həcmi 70%-dən çox artıb: “Azərbaycan yaxın vaxtlarda əksər tikinti materialları ilə özünü təmin edəcək. İndiyə qədər ölkədə 17 tikinti şirkəti investisiya təşviqi sənədi alıb”.

Qeyd edək ki, bu il “BakuBuild” sərgisi fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildən keçirilən sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 000-ə yaxın şirkəti bir araya gətirib. Ötən il ilə müqayisədə bu il “BakuBuild” sərgisinin ərazisi 10% böyüyüb, iştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiyanı 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya – Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib.

Qeyd edək ki, “BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi – “Caspian MebelExpo 2019”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi – “Securex Caspian 2019” və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçirilir.