Qadın şahmatçılarımız Avstriya komandasına qalib gəlibbackend

Qadın şahmatçılarımız Avstriya komandasına qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidə komandalararası Avropa çempionatının üçüncü turunun oyunları başa çatıb.

AZƏRTAC-ın məlumatına görə, qadınlardan ibarət komandamız Avstriya yığmasına böyük hesabla qalib gəlib – 3,5:0,5.

Şahmatçılarımızdan Xanım Balacayeva Veronika Exler, Ülviyyə Fətəliyeva Denise Trippoldı, Türkan Məmmədyarova Barbara Teuschler üzərində qələbə qazanıblar. Komandamızın digər üzvü Gülnar Məmmədova Julia Novkoviclə heç-heçə edib. Bu nəticə ilə qadın yığmamız turnir cədvəlində xeyli irəliləyərək 8-ci yerdə qərarlaşıb.

Kişilərdən ibarət komandamız Ukrayna yığmasının üzvləri ilə mübarizə aparıblar. Təmsilçilərimizdən üçü – Şəhriyar Məmmədyarov Vasili İvançuk, Rauf Məmmədov Andrey Volokitin, Qədir Hüseynov Vladimir Anisçuk ilə heç-heçə ediblər. Yığma üzvlərindən yalnız Arkadi Naydiçin Yuri Kuzobovla qarşılaşması məğlubiyyətlə bitib. Nəticədə yığmamız Ukrayna komandasına məğlub olub – 1,5:2,5.

Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub edib. Qadın yığmamız birinci turda Latviya şahmatçılarına böyük hesabla (4:0) qalib gəlsə də, ikinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.