Dövlət Komitəsi Bərdədə yeniyetmənin alçaldılaraq videoya çəkilməsi ilə bağlı araşdırmalara başlayıbbackend

Dövlət Komitəsi Bərdədə yeniyetmənin alçaldılaraq videoya çəkilməsi ilə bağlı araşdırmalara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü ilə bağlı araşdırmalara başlayıb.

Bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq şöbəsində araşdırmalar aparılır və bu faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdiriləcək: “Ümumiyyətlə, cəmiyyətdə uşaqların zorakılığa məruz qalmasına qarşı tədbirlər görülməlidir. Əgər uşaq valideynləri, qohumları və yaxud da hər hansı digər şəxs və ya şəxslər tərəfindən zorakılığa məruz qalırsa, bu zaman tədbir görülməlidir. Günahkar şəxslər isə məsuliyyətə cəlb olunmalıdır. Biz bu cür hallarla rastlaşdıqda monitorinq komissiyaları vasitəsilə arayışlar hazırlanır və daha sonra araşdırmalar aparılır. Hadisəni törədən şəxslər isə cinayət məsuliyyətinə cəlb olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə və mətbuatda Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü yayılıb. Görüntülərdə yeniyetmə təhqir olunaraq alçaldılır və fiziki zorakılığa məruz qalır.