Azərbaycan Türkiyəyə qaz ixracını 35%-dən çox artırıbbackend

Azərbaycan Türkiyəyə qaz ixracını 35%-dən çox artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin avqust ayında Azərbaycan Türkiyəyə 734,97 mln. kubmetr təbii qaz ixrac edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 15,57% çoxdur. Avqustda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 23,35% olub.

Bu ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan Türkiyəyə 6 044,65 mln. kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 35,5% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

Qeyd edək ki, Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Bu ilin avqust ayında Rusiyadan Türkiyəyə 1 450,74 mln. kubmetr təbii qaz ixrac olunub. Üçüncü yerdə qərarlaşan Əlcəzair isə bu ilin avqust ayı ərzində Türkiyəyə 352,59 mln. kubmetr qaz nəql edib. Belə ki, Rusiyanın Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmindəki payı 46,08%, Əlcəzairin payı isə 11,20% olub.

Xatırladaq ki, ümumilikdə, bu ilin avqust ayında Türkiyə 3 148,09 mln. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 3,74% çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.