“Qarabağ” dördüncü dəfə APOEL-ə qarşıbackend

“Qarabağ” dördüncü dəfə APOEL-ə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçiriləcək.

İnterpress.az xəbər verir ki, F qrupunda dünən bir oyun baş tutub.

“Arsenal” Portuqaliyanın Qimaraynş şəhərində “Vitoria”nın qonağı olub. 1:1 başa çatan görüşdə London klubu ilk dəfə xal itirib. Autsayder olan meydan sahibləri isə ilk dəfə xal qazanıb.

A, B, C, D, E və F qruplarındakı matçlar Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Saat 00:00-dan etibarən isə G, H, I, J, K və L qruplarının görüşlərinə start veriləcək. Yalnız sonuncu qrupdakı “Astana” – “Alkmaar” görüşü saat 19:50-də başlayacaq.

Təbii ki, bu gün bizi daha çox maraqlandıran A qrupudur. Çünki Azərbaycan çempionu “Qarabağ” Kiprin APOEL klubu ilə cari mövsüm dördüncü matçına çıxacaq. Tərəflərin Avroliqa çərçivəsində ilk matçı Bakıda 2:2 hesabı ilə başa çatıb.

Kiprdə baş tutacaq və avstriyalı referi Manuel Şütenqruberin idarə edəcəyi matçda “Qarabağ”ın heyətində xorvatiyalı mərkəz yarımmüdafiəçisi Filip Ozobiç və millimizin hücumçusu Mahir Emreli zədə səbəbindən oynamayacaq.

Yeri gəlmişkən, dünən Qurban Qurbanovun mətbuat konfransına heç bir jurnalist gəlmədiyindən, sözügedən tədbir baş tutmayıb (kiprli jurnalistlər maraq göstərməyib, klub azərbaycanlı media nümayəndələrini Kiprə aparmayıb – S.M.). Bununla belə, Qurban Qurbanov klubun rəsmi saytına öz fikirlərini bildirib:

“Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq.

Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, maksimum diqqətli olaq”.

A qrupu

21:55 APOEL – “Qarabağ”
Nikosiya. “QSP Arena”

21:55 “Düdelanj” – “Sevilya”
Jozi Bartel adına stadion

1. Sevilya 9
2. Qarabağ 4
3. Düdelanj 3
4. APOEL 1