Avropa Kuboku: “Vüqar Həşimov”dan ardıcıl ikinci qələbəbackend

Avropa Kuboku: “Vüqar Həşimov”dan ardıcıl ikinci qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda II turun oyunları keçirilib.

İnterpress.az xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” klubu Sloveniyanın “Maribor” komandasını 4,5:1,5 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb.

Nicat Abbasovun çıxış etdiyi Avstriya “Rayka Rapid”i Şəhriyar Məmmədyarovun oynayacağı Şimali Makedoniya “Alkaloid”inə 1,5:4,5 hesabı ilə uduzub. Nicat birinci lövhədə qara fiqurlarla Dmitri Andreykinlə heç-heçə edib.

Nərgiz Umudovanın çıxış etdiyi Belçika “Eşikye Mözan”ı Lüksemburq “De Şprenqer”ini 3,5:2,5 hesabı ilə yenib. Umudova dördüncü lövhədə Mixael Hamesi məğlub edib.

Hazırda “Vüqar Həşimov” klubu 66 komanda arasında dörd xalla 12-ci sıradadır. Eyni xala malik “Alkaloid” 10-cu, iki xal toplamış “Eşikye Mözan” 36-cıdır.

Qadınların yarışında isə “Odlar Yurdu” turnirin gücünə görə üçüncü komandası sayılan Gürcüstanın “Nona” klubu ilə heç-heçə edib – 2:2. “Odlar Yurdu” hazırda 14 komanda arasında üç xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Vüqar Həşimov” bu gün Rusiyanın “Primorski Distrikt”, “Odlar Yurdu” isə Çexiyanın “Novı Bor” komandaları ilə qarşılaşacaq.