“Vüqar Həşimov”dan ardıcıl üçüncü qələbəbackend

“Vüqar Həşimov”dan ardıcıl üçüncü qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda III turun oyunları keçirilib.

İnterpress.az xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” klubu Rusiyanın “Primorski Rayonu” komandasını 3,5:2,5 hesabı ilə məğlub edərək üçüncü qələbəsini qazanıb.

Şəhriyar Məmmədyarov bu tur debüt edib. Gücünə görə turnirin ən güclü komandası sayılan Şimali Makedoniya “Alkaloid”i Rusiyanın “Mednı Vsadnik” (gücünə görə ikinci komandadır – S.M.) komandasına uduzub – 2,5:3,5. Şəhriyar Məmmədyarov birinci lövhədə qara fiqurlarla Leynyer Dominqes Pereslə heç-heçə edib.

Nicat Abbasovun çıxış etdiyi “Rayka Rapid”i Niderland “MuKonsult” komandasına eyni hesabla uduzub. Nicat Maks Varmerdamla heç-heçə edib. Nərgiz Umudovanın çıxış etdiyi Belçika “Eşikye Mözan”ı da Fransanın “Müluz” komandasına 2,5:3,5 hesabı ilə məğlub olub. Nərgiz Eliot Papadiamandisə məğlub olub.

Hazırda “Vüqar Həşimov” klubu altı xalla beşinci sıradadır. Dörd xala malik “Alkaloid” 15-ci, iki xal toplamış “Eşikye Mözan” və “Rayka Rapid” müvafiq olaraq 37 və 39-cudur.

Qadınların yarışında isə “Odlar Yurdu” Çexiyanın “Novı Bor” komandası ilə heç-heçə edib – 2:2. “Odlar Yurdu” turnir cədvəlində yerini dəyişməyib. Komandamız hazırda dörd xalla yenə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Vüqar Həşimov” bu gün turnir cədvəlinin lideri olan Rusiyanın “Molodyojka” komandası ilə görüşəcək. “Odlar Yurdu” isə hazırda ikinci sırada olan Ukraynanın “Kiev Şahmat Federasiyası” komandası ilə qarşılaşacaq.